Xəbərlər
Strateji Yol Xəritəsi: Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə işçi qrup yaradılacaq
Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, ölkədə fəaliyyət göstərən mobil operatorlar və ödəniş sistemlərinin fəaliyyətində iştirak edən digər subyektlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup öz fəaliyyəti çərçivəsində rəqəmsal ödəniş sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübəni və onun Azərbaycanda tətbiqi perspektivlərini araşdıracaq və müvafiq təkliflər hazırlayacaq.
Bu barədə məlumat “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Bununla yanaşı, işçi qrup rəqəmsal iqtisadiyyata keçidlə bağlı zəruri infrastrukturun formalaşdırılmasına və effektiv tənzimləmə metodlarının tətbiqinə üstünlük verməklə, ödəniş sistemlərinin texniki inkişafı ilə yanaşı, həm də ictimaiyyətin rəqəmsal əməliyyatlar barədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində də tədbirlər həyata keçirəcək. Tədbirlər rəqəmsal iqtisadiyyata keçidə və rəqəmsal ödəniş sistemlərinin inkişafına təsirlərinə uyğun olaraq prioritetləşdiriləcək.
İşçi qrupda təmsil olunan tərəflər öz səlahiyyətlərinə uyğun olaraq, işçi qrupun fəaliyyətini təmin etmək üçün zəruri şərait yaradacaq, tələb olunduqda kənar ekspertlərin dəstəyindən yararlanmaq üçün müvafiq addımlar atacaq.