Xəbərlər
Strateji Yol Xəritəsində ölkə iqtisadiyyatının hazırkı vəziyyəti makroiqtisadi səviyyədə təhlil olunub
Son illər dünyada gedən siyasi proseslər neftdən əldə edilən gəlirləri və onlardan istifadə imkanlarını məhdudlaşdırıb. Postneft dövrünün inkişaf etdirilməsi zərurəti artıq aktuallaşıb. Bu məsələ Azərbaycan üçün də mühümdür. Postneft dövrünün mahiyyəti tələb edir ki, qeyri-neft sektorunda biliktutumlu sahələrin inkişafına xüsusi önəm verilsin. Lakin postneft dövründə iqtisadi inkişafın təmin olunması hər bir ölkədən mövcud resurslardan səmərəli istifadəni və idarəetmənin təkmilləşdirilməsini tələb edir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” məhz postneft dövründə Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədilə hazırlanan mühüm sənəddir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərqanə Musayeva bildirib.
Alim Strateji Yol Xəritəsi ilə bağlı fikirlərini bölüşərək deyib ki, milli iqtisadiyyat perspektivlərini və on bir iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən bu mühüm sənəddə ölkə iqtisadiyyatının hazırkı vəziyyəti və inkişaf potensialı makroiqtisadi səviyyədə təhlil olunub. Xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin iştirakı ilə hazırlanmış bu sənəd 2016-2020-ci illərin iqtisadi inkişaf strategiyasını, 2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Qəbul olunmuş Strategiyada iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, müqayisəli üstünlüyə malik sahələrin seçilərək dövlət tənzimlənməsinin əsas fokusuna çevrilməsi, mövcud insan potensialından səmərəli istifadə əsas hədəf kimi müəyyənləşdirilib.
Strategiya ilə tanışlıq bunu deməyə əsas verir ki, nəzərdə tutulan tədbirlərin icrası uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatının liberallaşmasını nəzərdə tutur. Dövlətin iqtisadiyyatı tənzimləmə funksiyasını saxlamaqla müdaxilə səviyyəsinin azaldılmasına cəhd bütün dünyada aparıcı strateji xətt kimi inkişaf etməkdədir. AMEA-nın İqtisadiyyat İnstitutunun son iki ildə apardığı tədqiqatların nəticəsi də sübut edir ki, iqtisadiyyatın liberallaşması tendensiyası dünya miqyasında genişlənməkdədir. Onu da qeyd edək ki, dövlətin iqtisadiyyata müdaxiləsi və iqtisadiyyatın liberallaşması məsələsi uzun illərdir ki, hər bir cəmiyyətdə elmi müzakirələrin predmeti olub. Lakin müdaxilə dərəcəsinin ölçülməsi və müdaxilənin optimal dərəcəsinin tapılması ciddi elmi problem olmaqla yanaşı, mühüm praktik əhəmiyyətə malikdir. AMEA-nın İqtisadiyyat İnstitutunun tədqiqatları sübut edir ki, liberallaşma iqtisadi inkişafın sürətlənməsinə və ictimai rifahın yüksəlməsinə daha etibarlı təminat yaradır. Əlbəttə, liberal iqtisadi islahatlar bu quruculuğun zəruri şərti olsa da, kafi şərti deyil. Strateji Yol Xəritəsində nəzərdə tutulan islahatlar iqtisadi inkişafın lokomotivinin özəl sektora keçməsi ilə bağlı dünya praktikasını Azərbaycana gətirməyə yönəlib.
F.Musayeva bildirib ki, həyata keçiriləcək islahatlar uzunmüddətli perspektivdə biznes mühitinin yaxşılaşmasına, müəssisələrin vergi yükünün yüngülləşdirilməsinə, xarici sərmayədarlar üçün daha əlverişli şəraitin yaradılmasına, idxaldan asılılığın azaldılmasına və qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların artırılmasına gətirib çıxara bilər.