YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası ardıcıl surətdə həyata keçirilməkdədir

«İnkişafın mərhələlərlə, spiralvari formada baş verməsi tarixin ortaya qoyduğu təkamül qanunauyğunluğunun vacib tərkib hissəsi sayılmaqdadır. Bütün xalqlar və ölkələrin inkişaf tarixi bu fikrin əyani sübutu kimi təqdim oluna bilər. Təbii ki, Azərbaycan istisna deyil və onun inkişafının indiyədək ayrı-ayrı mərhələləri olub və bundan sonra da olacaq. Hər bir təkamül mərhələsi müəyyən edilmiş hədəflərə çatmaq üçün daxili imkanlarını səfərbər etdikdən sonra yeni mərhələyə keçid zərurəti yaranır. Hesab edirəm ki, Azərbaycanın 2004-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə adlamağa sosial sifariş alıb. Bunu həm əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir». Bu fikirlər  Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinin 23 dekabr 2016-cı il tarixli sayında dərc olunmuş “Lider və onun ölkəsi” sərlövhəli fundamental məqaləsində yer almışdır.

Əli Əhmədov bildirib ki, artıq bir ilə yaxındır ki, ölkəmiz yeni islahatlar ab-havası şəraitində yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası hazırlanır və ardıcıl surətdə həyata keçirilməkdədir. Prosesin vüsətini, miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu islahatların ikinci dalğası adlandırmaq tamamilə yerinə düşərdi.

«İslahatların ikinci dalğası Azərbaycanın son 13 ildə davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət göstərir. Buna görə də əvvəlki dövrdə əldə olunan nailiyyətlər yeni hədəflərə doğru irəliləyişlər zamanı etibarlı fundament rolunu oynayır və eyni zamanda, həm ilkin, həm də yeni islahatlar dövrləri vahid iqtisadi inkişaf strategiyasının mərhələləri kimi nəzərdən keçirilir.

İslahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisində ifadə olunan siyasi kursu mahiyyət etibarilə islahatların ikinci dalğasının ideya əsası kimi qəbul olunmalıdır»- deyə, Əli Əhmədov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv