Xəbərlər
Akif Əlizadə: Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi cəhətdən inkişaf edərək regionun lider dövlətinə çevrilib
«Azərbaycan xalqının tarixində böyük şəxsiyyətlər çox olub. XXI əsrdə belə tarixi şəxsiyyət Prezident İlham Əliyevdir». Bu fikirləri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, on ildən artıq müddətdə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda keçid mərhələsi başa çatıb, vətəndaş cəmiyyətinin formalaşmasının əsası qoyulub, ölkənin strateji mövqeləri möhkəmləndirilib, müdafiə qüdrəti artıb. Onun sözlərinə görə, Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi cəhətdən inkişaf edərək regionun lider dövlətinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə öz siyasi platformasını elan etdiyini vurğulayan A.Əlizadə deyib ki, ötən müddətdə ölkəmizdəki dəyişikliklər, hərtərəfli inkişaf xalqımızın və ziyalılarımızın həmin vaxt nə qədər düzgün seçim etdiklərini göstərir. Son on beş ilə yaxın müddətdə ölkənin inkişafı sübut etdi ki, Azərbaycanı intellektin və mənəvi dəyərlərin işığında xoşbəxt gələcəyə apara bilən yeganə lider İlham Əliyevdir.
«Hazırda Azərbaycanda bütün dünyanın qibtə etdiyi və olduqca yüksək qiymətləndirdiyi multikultural və tolerant mühit yaranıb. Bütün bu uğurların əsasında İlham Əliyev tərəfindən dönməz və dinamik həyata keçirilən dövlət siyasəti dayanır»- deyə, akademik vurğulayıb.