Xəbərlər
Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə düşmən mövqelərini müşahidə edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Müdafiə Nazirliyinin rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və düşmən mövqelərini müşahidə edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şəxsi heyətlə görüşən nazir, general-polkovnik Zakir Həsənov hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazirliyin rəhbərliyinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məlumat verilib.
Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə təbrik edən Z.Həsənov xidmətdə fərqlənənlərə Prezident, Ali Baş Komandan İlham Əliyevin adından medallar və mükafatlar təqdim edib.