Xəbərlər
Ağalar Vəliyev: Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb
«Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində son 13 ildə Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində Azərbaycan ötən müddətdə ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atıb. Ölkədə müasir çağırışlarla səsləşən, kreativ yanaşmalara geniş meydan verən sərbəst bazar iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev deyib.
A.Vəliyev bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atıb. Həmçinin 2004-cü ildən start verilən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bölgələrin də tarazlı şəkildə inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi ölkənin potensialının artmasına güclü impuls verib. 2004–2015-ci illər ərzində Azərbaycanda orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib ki, bu da bütün dünya üzrə ən yüksək göstəricilərdəndir. Bu müddətdə respublikamızda ÜDM-in həcmində 6,5 dəfə artım olmuşdur ki, bunun da sayəsində Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu pilləyə yüksəlib.
«Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir. Başqa sözlə desək, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə tamamlanır. Bütün ölkəboyu təhsil, səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində yenidən qurulması, paytaxtda və bölgələrdə müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilən tədbirlərin miqyasının ilbəil genişləndirilməsi Azərbaycanın sosial dövlət kimi mənzərəsini göz önündə canlandırır. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir ki, respublikamızda sosial sahədə vəziyyət dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, respublikamızda dinamik iqtisadi artım hesabına yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən hazırda 4,9 faizə enib. Respublikamızda işsizlik də təxminən bu səviyyədək aşağı salınıb»- deyə, A.Vəliyev qeyd edib.