Xəbərlər
Əli Əhmədov: Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib
«Prezident İlham Əliyevin siyasi keyfiyyətlərini, istinad etdiyi dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət hesab edilməlidir. Müasir Azərbaycan siyasətçilərinin böyük çoxluğu yuxarıda qeyd olunan siyasi dəyərləri mənimsəmiş, Heydər Əliyevin ardıcılları kimi özünütəsdiqləmişdir. Bu mənada, Heydər Əliyev ideyalarına sədaqət müasir Azərbaycan dövlətçiliyinə sədaqətin bir növ simvoluna çevrilib. Lakin Prezident İlham Əliyevin Heydər Əliyev ideyalarına sədaqəti fərqli məna və mahiyyət parametrlərinə malikdir». Bu fikirlər Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun “Azərbaycan” qəzetinin 23 dekabr 2016-cı il tarixli sayında dərc olunmuş “Lider və onun ölkəsi” sərlövhəli fundamental məqaləsində yer almışdır.
Əli Əhmədov bildirib ki, İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir. Səbəbi isə sadə və anlaşılandır: İlham Əliyev həm şəxsiyyət, həm də siyasətçi kimi Heydər Əliyev ideyalarının, dünyagörüşünün, siyasi davranış qaydalarının mühitində formalaşıb. Dahi siyasətçi və dövlət adamının siyasi irsinin mahiyyətini və ruhunu onu qədər duya biləcək ikinci kimisə təsəvvür etmək mümkün deyil.
«Qeyd olunanlar Prezident İlham Əliyevi bir yandan ən böyük Heydər Əliyevçi kimi səciyyələndirməyə imkan verir. Eyni zamanda yeni tarixi şəraitdə, müasir çağırışlar fonunda onun Heydər Əliyev ideyalarına yaradıcı yanaşmaq, onların yeni şəraitdə təkmilləşdirilməsi hüdudlarını dəqiq müəyyənləşdirmək kimi üstünlüklərini təmin edir. İlham Əliyev üçün Heydər Əliyev ideyaları eyni zamanda onun özünün siyasi baxışları və siyasi fəlsəfəsi ilə eyniyyət təşkil edir, dövlət strategiyası və cari siyasətin işlənib hazırlanmasında, obrazlı şəkildə desək, mayak rolunu oynayır. Prezidentin bu sahədə sistemli ardıcıllıq nümayiş etdirməsi xüsusi vurğulanmağa layiqdir. O, ilk dəfə prezident seçkiləri kampaniyasına qoşulduğu 2003-cü ildən bu günə qədər daim Heydər Əliyev siyasətinə sədaqətini bəyan edib və praktik fəaliyyətində bu sədaqətini təcəssüm etdirib»- deyə, Əli Əhmədov vurğulayıb.