Gündəm
Prezident İlham Əliyev: Heydər Əliyev müstəqil Azərbaycanın banisidir
“Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətlər göstərmişdir, böyük tarixi rol oynamışdır. İki dəfə Azərbaycana rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparmışdır. 1969-cu ildə Azərbaycan Sovet İttifaqı respublikaları arasında ən aşağı yerlərdə qərarlaşmışdı. Heydər Əliyevin səyləri, bacarığı, biliyi, xalqa olan bağlılığı nəticəsində cəmi 13 il ərzində Azərbaycan ən qabaqcıl respublikaya çevrilmişdir. Sovet İttifaqında Rusiya Federasiyasından başqa, cəmi iki respublika var idi ki, onlar mərkəzdən dotasiya almırdı. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda sənaye istehsalı, kənd təsərrüfatı sahələrində, infrastruktur layihələrinin icrasında çox böyük işlər görülmüşdür və o işlər bu gün də müstəqil Azərbaycana kömək göstərir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitqində səsləndirmişdir.
“Biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin.”-deyə, Prezident İlham Əliyev qeyd etmişdir.
Prezident İlham Əliyev daha sonra bildirmişdir ki, bu gün də Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir: “Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz Ulu Öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk. Təbii ki, vəziyyət dəyişir, dünya dəyişir. Bu gün bölgədə yaşanan hadisələr, problemlər o vaxt mövcud deyildi. Biz bütün çağırışlara hazırıq. Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Son illərin tarixi bunu bir neçə dəfə sübut etmişdir.”