Xəbərlər
Elçin Quliyev: Ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanılması istiqamətində sistemli tədbirlər həyata keçirilməkdədir
«Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çevik siyasət nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanılması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm sistemli tədbirlər həyata keçirilməkdədir. Bu zaman ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pul və fiskal siyasətlərin sərtləşdirilməsi, bank sektorunun sağlamlaşdırılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması məqsədi ilə sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdəndir». Bu fikirləri Milli Məclisin deputatı Elçin Quliyev deyib.
E.Quliyev bildirib ki, 2017-ci ildə büdcə-vergi siyasətinin reallaşdırılmasında qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin tədricən azaldılması, dövlət büdcəsinə hesablanmış vergilərin və sair daxilolmaların yığım faizinin artırılması və digər amillər qarşıya qoyulan məqsədlərə nail olunmasına güclü təkan verəcək. Onun sözlərinə görə, iqtisadiyyatın aparıcı sektorlarından biri olan qeyri-neft sənayesinin inkişaf etdirilməsi və onun iqtisadi artıma müsbət töhfə verəcəyi danılmaz faktdır. Bu istiqamətdə hökumət tərəfindən, xüsusilə İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər təqdirəlayiqdir.
«Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı gömrük rüsumu və ƏDV-dən, torpaq və əmlak vergisindən azad olunması, hüquqi şəxslərin mənfəət vergisinin və fiziki şəxslərin gəlir vergisinin 50% güzəştlə ödənilməsi, habelə ixrac subsidiyaları, brendləşmə, regionlarda yaradılan sənaye parkları və sənaye məhəllərinin iqtisadiyyata təsirinin orta müddət dövründə şahidi olacağıq. Bununla yanaşı, burda qeyd edildiyi kimi iqtisadiyyatda məşğul olanların təqribən 40 faizini təşkil edən aqrar sektorun inkişafı vacib məsələlərdəndir. Belə ki, son dövrlər ölkənin regionlarında aqroparklar, müasir tipli istixanalar intensiv bağçılıq və tərəvəzçilik, baramaçılıq, pambıqçılıq inkişaf etdirilib»- deyə, E.Quliyev vurğulayıb.