YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyeva: Bir-birinizə kömək edin, bir-birinizi dəstəkləyin, hər işi sevgi ilə görün və öz qəlblərinizi sevgi üçün açın

Dekabrın 6-da Moskvadakı “Krokus Ekspo” Beynəlxalq Sərgi Mərkəzində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu keçirilib.

“RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda forumun işində Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil edilmiş bu forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak edib. RAGB-nin 62 regional bölməsinin fəalları, Azərbaycan diasporunun və Rusiyanın gənclər təşkilatlarının nümayəndələri də foruma qatılıblar.

Tədbirin əvvəlində forum iştirakçıları “Müstəqil Azərbaycan–25 il” sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, “Baku” jurnalının və “IDEA” birliyinin stendləri nümayiş etdirilib.

İllik gənclər forumunun açılış mərasiminin əvvəlində RAGB-nin 2016-cı ildəki fəaliyyətinə həsr edilmiş film göstərilib.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva forumda çıxış edib.

Leyla Əliyeva RAGB-nin yaradılmasının ilk günlərindən onun işində iştirak edən Birliyin fəallarına təşəkkürünü bildirib, yeni iştirakçılara bütün təşəbbüslərində uğurlar arzulayıb. RAGB-nin lideri deyib: “Səkkiz il ərzində biz kifayət qədər böyük iş görmüşük. Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”.

RAGB üzvlərini Azərbaycana sevgi hissinin birləşdirdiyini vurğulayan Leyla Əliyeva deyib: “Biz bütün tədbirlərimizi yaradıcı ruhda, sevgi duyğuları ilə həyata keçirməyə çalışırıq. Bizim əsas nailiyyətlərimizdən biri ondan ibarətdir ki, bu gün bütün Rusiyada RAGB-nin 60-dan çox regional bölməsi var. Klublarımız müntəzəm olaraq konsertlər, digər tədbirlər təşkil edir. Mən bilirəm ki, bu gün sizin çoxunuz uzun məsafə qət edərək regionlardan bizim foruma gəlmisiniz. Buna görə sizə təşəkkür etmək istəyirəm. Çox xoşdur ki, bu gün bizi həm tanıyır, həm də sevirlər, bizim klublarımız öz təcrübəsini başqa klublar və təşkilatlarla bölüşür”.

Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Azərbaycan gəncləri ölkəmizin tarixinə çox qayğı ilə yanaşır. Buna görə biz hər il dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlər keçiririk. Gələn il bu dəhşətli faciənin 25-ci ildönümü qeyd ediləcək. Bir daha heç vaxt, dünyanın heç bir yerində belə halların təkrarlanmaması üçün dünya birliyinin bu hadisəyə hüquqi qiymət verməsi çox vacibdir. Çoxsaylı dövlətlər, ABŞ-ın on ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı qırğınını soyqırımı kimi tanıyıb. Lakin biz əldə edilənlərlə kifayətlənməyəcək, bu istiqamətdə işi davam etdirəcəyik. İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə, doğma torpaqlarına qayıdacaqlar”.

Leyla Əliyeva qeyd edib ki, Azərbaycan gəncləri idman oyunlarında fəal iştirak edir, mini futbol üzrə hər il keçirilən çempionat, Heydər Əliyev Kuboku hamıya məlumdur. Biz, həmçinin RAGB universiadasını keçirmiş, hərbi vətənpərvərlik oyunlarında , “Nə? Harada? Nə vaxt?” yarışlarında iştirak etmişik. Rusiya səhnəsində parlaq çıxış edən “ŞHK” komandamızı dəstəkləyirik. Bizim ən nəcib təşəbbüslərimizdən biri təmənnasız qanvermə üzrə “Qanın milləti yoxdur” aksiyasıdır. RAGB-nin fəalları müntəzəm surətdə uşaq evlərinə və qocalar evlərinə baş çəkir, qayğı və sevgiyə ehtiyacı olan uşaqlar üçün bayram şənlikləri təşkil edirlər. Leyla Əliyeva tədbir iştirakçılarını əmin edərək deyib: “Biz bu istiqamətdə işimizi bundan sonra da davam etdirəcəyik”.

“RAGB elə məkandır ki, orada siz öz biliklərinizi dərinləşdirə və yeni biliklər əldə edə bilərsiniz. Biz çox şadıq ki, bu gün Azərbaycanda da Rusiyanın ən yaxşı universitetlərində təhsil almaq olar: Azərbaycanda Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. RAGB-nin ofisində xarici dilləri öyrənmək olar və ümid edirəm ki, tezliklə bizdə Azərbaycan dili kursları açılacaq”, - deyə Leyla Əliyeva bildirib.

Bugünkü forumda yeni ideyaları, yeni təşəbbüsləri müzakirə etmək imkanı olmasını vurğulayan Leyla Əliyeva tədbir iştirakçılarına müraciətlə deyib: “Sizdən xahiş etmək istəyirəm, panellərdə yeni ideyalar və layihələr təklif edin”.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, Azərbaycan ilə Rusiyanı çoxillik dostluq və mehriban qonşuluq ənənələri birləşdirir: “Çox dəyərli faktdır ki, bizim ölkəmizdəki məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Bakı Slavyan Universiteti, Rus Dram Teatrı fəaliyyət göstərir. Bizdə böyük rus mədəniyyətini, rus ədəbiyyatı və incəsənətini çox sevirlər. Keçən il RAGB Rusiyanın bir sıra şəhərlərində “Biz böyük Qələbənin varisləriyik”, “Ölməz alay” aksiyalarında iştirak edib, axı bu, bizim ümumi tariximiz və ümumi qələbəmizdir”.

Ətraf mühitin qorunması mövzusuna da toxunan Leyla Əliyeva deyib: “Beş il bundan əvvəl biz IDEA təşkilatını yaratdıq. Ötən müddətdə çox iş görmüşük. Bizim əsas vəzifəmiz nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvanları qorumaqdır. Bu yaxınlarda Azərbaycanda sahibsiz heyvanlar üçün sığınacaq açılıb. Bu, belə heyvanlar üçün regionda ən böyük sığınacaqlardan biridir. Çox nadir və qəşəng heyvan olan Qafqaz bəbiri haqqında filmin premyerası “National Geographic” telekanalında göstərilib. Fürsətdən istifadə edib bu nadir heyvan cinsinin populyasiyasının davam etdirilməsi üçün gördüyü bütün işlərə, habelə bizimlə əməkdaşlıq etdiyinə görə “Qafqaz təbiəti mərkəzi” avtonom təşkilatına təşəkkürümü bildirmək istərdim. Azərbaycanda bizim gənclər 5 milyondan çox ağac əkiblər. Əlbəttə, sevindirici haldır ki, biz təkcə Azərbaycanda deyil, Rusiyada da ağac əkirik. Bu gün ekoloji paneldə siz bizim layihələr barədə daha ətraflı məlumat ala biləcəksiniz. Maraqlananlardan xahiş edirəm, bizə birləşsinlər, çünki təbiətimizin qorunması işinə hər birimiz öz töhfəmizi verə bilərik”.

Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Bu gün Azərbaycan müxtəlif forumların, konfransların keçirildiyi məkana çevrilib. Bizdə dünyada ən maraqlı tədbirlər keçirilir. Azərbaycanda “Eurovision-2015” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula-1 yarışı, Şahmat Olimpiadası uğurla keçirilib. Çox sevindirici haldır ki, ölkəmizi tanıyır, sevirlər, bizə qonaq gələn insanların sayı durmadan artır. Bildiyiniz kimi, biz hər il Rusiya gənclərini ölkəmizə səfərə dəvət edirik. Fürsətdən istifadə edib sizin hamınızı bizim günəşli Bakı şəhərinə bir daha dəvət etmək istəyirəm”.

Gənclər təşkilatının liderinin fikrincə, RAGB-də işləmək yaxşı, müstəqil və xeyirxah işlərlə dolu həyata qədəm qoymaq yolunda ilk addımdır.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Azərbaycanda hökm sürən tolerantlıq mühitindən danışdı, ölkəmizdə müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanların həmişə sülh və həmrəylik şəraitində yaşadığını, tolerantlığın bizim üçün nailiyyət yox, həyat tərzi olduğunu vurğuladı.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışının sonunda deyib: “Çətin işlərə girişməkdən, səhv etməkdən qorxmayın. Axı, biz yenilikləri məhz səhvlərimiz üzərində öyrənirik. Bir-birinizə kömək edin, bir-birinizi dəstəkləyin, hər işi sevgi ilə görün və öz qəlblərinizi sevgi üçün açın”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Forumda çıxış edərək azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasında RAGB-nin rolunu yüksək qiymətləndirdi. Nazir qeyd etdi ki, Azərbaycanda dövlət gənclər siyasətinin istiqamətlərindən biri gənclərin əməkdaşlığını və ölkə hüdudlarından kənarda fəaliyyət göstərən gənclər təşkilatlarının inkişafını dəstəkləməkdir. Azərbaycan ilə Rusiya arasında hər zaman dostluq əlaqələrinin olduğunu vurğulayan Azad Rəhimov bu əlaqələrin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırdı.

Moskva Hökuməti yanında Milli Siyasət və Regionlararası Əlaqələr Departamentinin rəhbəri Vitali Suçkov, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədri Qriqori Petuşkov, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin tələbəsi Həbib Əbdürrəhmanzadə ölkələrimiz arasındakı münasibətlərdən, Rusiyada Azərbaycan gənclərinin fəaliyyətindən danışdılar. Qeyd olundu ki, Leyla Əliyevanın rəhbərliyi altında RAGB iki ölkənin gənclərinin iştirakı ilə çox mühüm işlər görüb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin gənclər siyasətindən danışdı. Bildirdi ki, Azərbaycan dövləti gənclər siyasətinə böyük önəm verir və bu istiqamətdə mühüm işlər görür. Parlamentin komitə sədri vurğuladı ki, RAGB ötən illərdə nüfuzlu və güclü təşkilata çevrilib. RAGB-nin bugünkü tədbirində demək olar ki, Rusiyanın bütün regionları təmsil olunur. Biz rusiyalı gəncləri xalqımızın tarixi və mədəniyyəti ilə tanış etmək üçün Bakıya dəvət edirik.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında azərbaycanlı gənclərin müxtəlif tədbirlər keçirməklə Rusiya cəmiyyətinə inteqrasiya etdiyini vurğuladı. Səfir bildirdi ki, RAGB-nin hər bir üzvü Azərbaycanın Rusiya kimi böyük bir ölkədə elçisidir. Sizin hər birinizin üzərinə böyük məsuliyyət düşür və şadam ki, siz bunu başa düşürsünüz. Sizin Forumun “Vətənpərvərlik, yaradıcılıq, uğur” şüarı mənim çox xoşuma gəlir. Bunlar həyatın əsasını təşkil edir. Əgər onlardan ikisi - vətənpərvərlik və yaradıcılıq olarsa, uğur təmin olunacaq. Mən ulu öndər Heydər Əliyevin “Harada yaşamağınızdan, nə işlə məşğul olmağınızdan asılı olmayaraq azərbaycanlı olduğunuzu unutmayın!” sözlərini xatırlatmaq istərdim. Bu gün bu sözlər xüsusilə aktual səslənir.

Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiyadakı nümayəndəliyinin bu ölkədə xeyriyyəçilik layihələrindən danışaraq dedi: “Təqdirəlayiq haldır ki, sizin bu cür gənc, istedadlı lideriniz var. O, yaradıcı insandır və bütün məsələlərə yaradıcılıqla yanaşır”.

Tədbirin sonunda əlaçı tələbələrin, RAGB-nin keçirdiyi müsabiqə qaliblərinin və gənclər təşkilatının fəallarının təltif edilməsi mərasimi oldu.

Leyla Əliyeva Rusiyanın ali məktəblərində əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə “Gənclər Birliyinin əlaçısı” diplomlarını təqdim etdi.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinin işıqlandırılmasına görə AZƏRTAC-ın Rusiya Federasiyasındakı xüsusi müxbiri Fəridə Abdullayeva, Azərbaycan Televiziyasının Moskvadakı müxbir məntəqəsinin rəhbəri Zakir Musayev və APA agentliyinin Rusiya bürosunun rəhbəri Fərid Əkbərov RAGB-nin diplomları ilə təltif edilib.

Daha sonra Forum işini “Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, “2017-ci il Rusiyada ekologiya ili-Azərbaycan gəncliyinin töhfəsi”, “Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin diasporun möhkəmlənməsində rolu” və “Gənclər biznesdə: startapların yaranması və inkişafı” mövzularında bölmə iclasları ilə davam etdirib.

Forumun və bölmə iclaslarının işinə plenar iclasla yekun vurulub.

Tədbirin iştirakçıları və qonaqları üçün EMİN, Yolka, Tünzalə Ağayeva, Xəyyam Nisanov, Emil Qədirov və digər məşhur ifaçıların iştirakı ilə konsert proqramı təşkil edilib.