YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizdə mövcud olan tolerant mühit daim dünyaya nümunə göstərilməlidir

«Bu gün dünyada baş verən kataklizmlərin, dini-irqi səbəblərlə əlaqələndirilən qarşıdurmaların fonunda ölkəmizdə mövcud olan tolerant mühit daim dünyaya nümunə göstərilməlidir». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan hər bir millətin, dinin nümayəndəsinə öz millətinə bərabər hüquq və azadlıqlar verən, irqi ayrı-seçkiliyin heç bir şəkildə təzahürlərinə rast gəlinməyən, millətlərin yanaşı qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkədir. Elə buna görə də, ölkəmizin adı yüksək tolerantlıq sərgiləyən ölkələrin siyahısında ən yüksək yerlərdən birini tutur.

«2016-cü ilin «Multikulturalizm ili» kimi Azərbaycan tarixinə yazılması nəinki ölkə daxilində, hətta regionda və bütün dünyada tolerantlığın qorunmasına yüksək töhfə verməyə imkan yaratdı. Ümumiyyətlə, multikulturalizmin qorunması  ötən dövrlərdə də ölkəmiz üçün aktual bir məsələ olub. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər, ortaya qoyduğu mövqe dünya ictimaiyyəti tərəfindən təqdir olunur. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə dünyada tolerantlığın, sivilizasiyalar arasında dialoqun yaradılması istiqamətində bir sıra beynəlxalq tədbirlər keçirilib. Bundan başqa, Heydər Əliyev Fondunun, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə bir çox tədbirlərə Bakı ev sahibliyi edib ki, məhz bu da ölkəmizin tolerantlığa, dünyada barışa verdiyi töhfə kimi dəyərləndirilməlidir. Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bu yöndə aparılan fəaliyyətin gücləndirilməsi isə xalqımızın bir amal, bir ideya-azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsini təmin edir. Fikrimcə, əsrlərdir ki, ölkəmizin həyat tərzinə çevrilmiş multikulturalizm, tolerantlıq gələcək illərdə də xalqımızın əsas təməl prinsipi kimi yaşayacaq»- deyə, deputat qeyd edib.