YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Bir günəş altında” sənədli filminin təqdimatı olub

Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Bir günəş altında” sənədli filminin təqdimatı olub.

Tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.

Təqdimatdan əvvəl iştirakçılar Nizami Kino Mərkəzinin foyesində Azərbaycanda milli və etnik rəngarəngliyi əks etdirən fotosərgi ilə tanış olublar.

Təqdimat mərasimində məlumat verilib ki, ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir.

Filmin hazırlıq prosesində 15 nəfərdən ibarət çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb. Çəkiliş üçün hər etnik qrupun onlarla nümayəndəsindən yalnız biri seçilib. Seçim zamanı təmsil etdiyi xalqın kimliyini öz nitqi, antropoloji cizgiləri, gündəlik fəaliyyəti ilə daha dəqiq təqdim edən şəxsə üstünlük verilib.

Ekspedisiyalar zamanı çəkiliş qrupunun fotoqrafları Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərəni, bu təbiətin qoynunda yaşayan və müxtəlif etnik qrupa aid olan 2625 şəxsin fotosunu lentə alıb.

Çəkilişlər ilin bütün fəsillərində aparılıb. Bu, Azərbaycan təbiətinin rəngarəngliyini göstərməyə imkan verib.

Filmin təqdimat mərasimində, həmçinin qeyd edilib ki, “Bir günəş altında” layihəsi bu ilin iyul ayında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub. Bu layihə çərçivəsində Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan eyniadlı sərgi və film böyük maraqla qarşılanıb. Sentyabrın 19-da Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimində də “Bir günəş altında” layihəsi çərçivəsində sərgi təşkil edilib, Azərbaycanda multikulturalizmə və tolerantlığa həsr olunan fotolar, eləcə də eyniadlı film fransız dilində nümayiş olunub.

Diqqətə çatdırılıb ki, “Bir günəş altında” sənədli filminin digər dillərə tərcüməsi və müxtəlif ölkələrdə nümayişi nəzərdə tutulur. Azərbaycanın dünyada tanıdılmasına xidmət edən daha bir möhtəşəm layihənin reallaşmasına verdiyi dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti, layihənin ideya müəllifi Mehriban Əliyevaya minnətdarlıq bildirilib.

Sonra film nümayiş olunub.

Azərbaycan ərazisində yaşayan müxtəlif xalqlar və etnik qrupların nümayəndələri ata-babalarının doğulduğu ərazilərdə yüz illərdir ömür sürür, öz dillərini, dini mənsubiyyətlərini, milli adət-ənənələrini qoruyub saxlayır, gələcək nəsillərə ötürürlər. Bütün bunlar həm də o deməkdir ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Azərbaycan öz siyasəti, ölkəmizdə yaşayan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin cəmiyyətdə gedən proseslərdə fəal iştirakı, müxtəlif mədəniyyətlərin qarşılıqlı inkişafının təmin olunması ilə sübut edir ki, multikulturalizm yaşayır və bəşəriyyətin inkişafının əsas amillərindəndir. Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində reallaşan “Bir günəş altında” filminin əsas leytmotivi məhz budur. Çünki bu ölkədə bütün insanlar bir günəş altında mehriban yaşayır.

Ekran əsəri tamaşaçıya Azərbaycandakı azsaylı xalqların tarixi və gündəlik həyatını çatdırmaqla yanaşı, fərqli dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanların bu torpaqda əsrlər boyu qarşılıqlı anlaşma şəraitində yaşadığını və bu ənənənin hazırda da davam etdiyini çatdırır. Filmdə müxtəlif dini etiqadların təmsilçiləri öz dini ayinlərini icra edir, 17 etnik qrupun mədəniyyətinin və adət-ənənəsinin izləri görünür. Filmin qəhrəmanları 17 dildə danışır - hər kəs öz ana dilində.

Filmin tamaşaçıya ötürdüyü əsas mesaj Azərbaycanda tolerant bir mühitin olması və burada dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hamının bərabər yaşamasıdır. Hər qısa süjet əyani şəkildə göstərir ki, nəsillər dəyişsə də, heç bir etnik xalq öz adət-ənənəsini, dilini, etiqadını dəyişmir, əksinə, onu nəsildən-nəslə ötürərək yaşadır. Burada sadəcə insanların həyat tərzi deyil, onların müasir Azərbaycanın inkişafındakı xidmətləri, yaşadıqları dövlətin qanunlarına ehtiramı, həmçinin böyük Vətən sevgisi bir daha özünü göstərir. Məhz bu səbəbdən də onlar böyük iftixarla deyirlər: “Bizim Vətənimiz Azərbaycandır”.