YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neboyşa Stefanoviç: Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlər iki ölkə arasında siyasi münasibətlərin səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər.

Neboyşa Stefanoviç Serbiyanın bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb.

Nazir ölkəsinin turizm, xüsusən də müalicə-sağlamlıq imkanlarından söz açaraq Azərbaycan şirkətlərini bu sahəyə sərmayə qoymağa dəvət edib.

Görüşdə Azərbaycan və Serbiya arasında ikitərəfli əməkdaşlığın perspektivləri və müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə olunub. Tərəflər terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətini qeyd edərək, hər iki ölkənin hüquq-mühafizə orqanları arasında qarşılıqlı informasiya mübadiləsinin gücləndirilməsinin zəruriliyinə toxunublar.

Nazir Elmar Məmmədyarov Serbiya şirkətlərinin Azərbaycandakı, Azərbaycan şirkətlərinin Serbiyadakı fəaliyyətinə toxunaraq əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, bu səfərin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni və turizm sahələrində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin müqavilə-hüquq bazasının genişləndirilməsi və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.