YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyev: Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi Azərbaycanın davamlı inkişafını təmin etməkdir

“Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir qlobal çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.” Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı  çıxışında səsləndirib.

Ağalar Vəliyevin sözlərinə görə, hazırda ölkənin iqtisadi potensialının artmasına müsbət təsir göstərən mükəmməl qanunvericilik bazası yaradılır, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi prosesi sürətlənir və dövlət tərəfindən iqtisadiyyatın keyfiyyətli inkişafı üçün çox mühüm layihələrə önəmli dəstək verilir.

Kamitə sədrinin müavini qeyd etmişdir ki, görülən ardıcıl və sistemli tədbirlərə baxmayaraq, qlobal və regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslər dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycana da öz təsirini göstərmiş, neftin qiymətinin aşağı düşməsi xarici valyuta gəlirlərinin və tədiyyə balansının azalmasına gətirib çıxarmışdır. Bu proseslər nəzərə alınmaqla ölkəmizdə iqtisadiyyatın şaxələndirilıməsi, innovativ iqtisadiyyatın formalaşması istiqamətində əhəmiyyətli işlər görülür, özəl sektorun inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılır.

Ağalar Vəliyev bildirmişdir ki,  2016-cı ildə manatın xarici valyutalara nisbətən ucuzlaşması nəticəsində ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və devalvasiyanın nəticələrinin yumşaldılması məqsədilə artırılmış əməkhaqlarının maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmuşdur.

Dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz olmaqla 2015-ci illə müqayisədə 5,7 faiz çox vəsait proqnozlaşdırılmışdır ki, bu da 2016-cı illə müqayisədə 4,6 faiz artım deməkdir.

         “Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, bir çox ölkələr dövlət büdcələrini kəsirlə planlaşdırırlar. Dünyanın əksər dövlətlərində büdcə kəsirləri qat-qat çoxdur və bu heç bir narahatçılıq doğurmur. Çünki inkişaf üçün dövlət büdcələrində kəsirin nəzərə alınması artıq qəbul edilmiş norma hesab olunur.

Bu baxımdan, hesab edirəm ki, biz də öz növbəmizdə, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətini 3 faizdən artıq olmamaqla planlaşdıra, bununla da müəyyən qədər iqtisadi fəallığın artırılmasına nail ola bilərik. Bu nisbəti 2 faizədək yüksəldərək yaranmış əlavə vəsaitin digər sahələrə, o cümlədən inşaat-tikinti sektoruna yönəltmək olar.

Məlumdur ki, tikinti sektorunun inkişaf səviyyəsi dövlətin iqtisadi rifahının ən mühüm göstəricilərindən biridir. Azərbaycanda inşaat sektorunun inkişafı bütövlüklə ölkənin sosial-iqtisadi tərəqqisinə yönəlmiş planlı və ardıcıl islahatların nəticəsidir.”-deyə, Ağalar Vəliyev vurğulamışdır.

Ağalar Vəliyev: “Cənab Prezidentin son dövrlər imzaladığı sərəncam və fərmanlar ölkədə iqtisadi fəallığın artırılmasına və insanların rifahının yüksəldilməsinə yönəldilmişdir. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasını və ipoteka kreditlərinin yeni şərtlərlə verilməsinin nəzərdə tutulmasını bu qəbildən olan tədbirlər sırasına daxil etmək olar. Bütün bunlar isə son nəticədə tikinti sektorunun canlandırılmasına istiqamətləndirilmişdir.”deyə, bildirmişdir.

Məşğulluq probleminin həll yollarından biri kimi tikinti sektorunun inkişaf etdirilməsinin vacibliyini qeyd edən Ağalar Vəliyevin sözlərinə görə,  hazırda inşaat sektorunda 90 mindən çox insan çalışır. Dövlət büdcəsinin proqnoz göstəricisinə görə 2017-ci ildə dövlət xətti ilə tikintiyə 2,5 milyard manat vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2015-ci ilin icra göstəricisi olan 4,9 milyard manatla müqayisədə təxminən 2 dəfə azdır. Hesab edirəm ki, bu vəsaiti artırmaqla yaranmış vəziyyəti nisbətən yumşaltmaq mümkündür. Heç şübhəsiz ki, burada sosial mənzil tikintisi və ipoteka kreditini də diqqətdən kənarda qoymaq olmaz.

“Zənnimcə, Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin prioritet istiqamətlərini özündə ehtiva edən 2017-ci ilin büdcə zərfinə daxil olan qanun layihələri qarşıdakı ildə iqtisadiyyatın səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial rifahının artırılmasına yönələcəkdir.

Bütün bunları, eləcə də komitələrin birgə iclaslarında və Milli Məclisin plenar iclasında səsləndirilən təklifləri və tövsiyyələri nəzərə almaqla 2017-ci ilin büdcə zərfinə daxil olan sənədlərin qəbul olunmasını məqsədəuyğun sayıram və dəyərli həmkarlarımı müvafiq qanun layihələrini dəstəkləməyə dəvət edirəm.”-deyə, Ağalar Vəliyev bildirmişdir.