YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 661 dəfə müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərdən istifadəyə ictimai maraq cari ilin noyabr ayında da artmaqda davam edib. Əvvəlki ayla müqayisədə noyabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 9,5 faiz (49 206 müraciət) artaraq 569 639-a çatıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “E-hökumət” portalında populyar olaraq qalır və ötən ay həmin e-xidmətə oktyabr ayına nisbətən 18,1 faiz çox, yəni 190 090 dəfə müraciət edilib.

Həmçinin oktyabr ayı ilə müqayisədə noyabr ayında “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 6 faiz çox olmaqla 13 538 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 4,4 faiz çox olmaqla 22 610 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 3,3 faiz çox olmaqla 10 708 dəfə istifadə edilib. “Pensiya kalkulyatoru” da əhalinin maraq dairəsində olan e-xidmətlər sırasındadır. Həmin e-xidmətdən noyabr ayında 5 253 dəfə istifadə olunub ki, bu da oktyabr ayına nisbətən 5,9 faiz çoxdur. Bununla yanaşı, vətəndaşlar “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidmətinə 21,6 faiz, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” e-xidmətinə 16,5 faiz, “Pensiyaçıya məlumatların verilməsi” e-xidmətinə 13,4 faiz çox müraciət ediblər.

Ötən ay nazirliyin “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” və s. e-xidmətlərindən istifadədə də artım özünü göstərib. Qeyd olunanlarla yanaşı, oktyabr ayında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 24 159 dəfə, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 15 481 dəfə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 14 950 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 11 394 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 7 359 dəfə istifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər e-xidmətləri (“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” və s.) də noyabr ayında əhalinin fəal şəkildə yararlandığı e-xidmətlər sırasında olub.

Ümumilikdə cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5 milyon 661 min dəfə müraciət edilib.