Xəbərlər
Mübariz Qurbanlı: Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətdə tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb
Bu gün Azərbaycanın tolerantlıq modeli dünyanın 28 universitetində öyrənilir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfrans zamanı çıxışında deyib.
M.Qurbanlı bildirib ki, Qafqaz xalqlarını birləşdirən dəyər tolerantlıqdan irəli gələn dəyərdir: “Azərbaycan xalqının ənənəsində də tolerantlıq var. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətdə tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb".
Komitə sədri vurğulayıb ki, bu gün dünyanın 40 ölkəsində münaqişələr mövcuddur: "Bu gün Azərbaycan da Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. Bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşüb. BMT, ATƏT və digər beynəlxalq təşkilatlar bu günə qədər bu problemin qarşısını ala bilməyib”.
O bildirib ki, münaqişələrə qarşı ən yaxşı mübarizə fobiyaların aradan qaldırılmasıdır: “Dinlər birgə mübarizə aparmalıdır. Böyük müharibələrə yol verməmək üçün ilk növbədə kiçik münaqişələrin aradan qaldırılması lazımdır. Əminəm ki, bu konfransda söylənilən fikirlər sülhə, tolerantlığa öz töhfəsini verəcək".