Xəbərlər
Azərbaycan XİN-də İspaniya Aviatorlar Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Marta Pyerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xələf Xələfov İkinci Dünya müharibəsi illərində Azərbaycana aviasiya təlimləri almaq üçün gəlmiş ilk ispan gənclərinin fəaliyyəti haqqında danışıb, həmin şəxslərin aviasiya təlimlərinə yiyələndikdən sonra Azərbaycanda və keçmiş SSRİ-nin digər bölgələrində faşizmə qarşı mübarizəsi barədə ətraflı məlumat verib. O, ispan aviatorların İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqı ilə birgə düşmənə qarşı mübarizədə göstərdikləri şücaət və qəhrəmanlığa görə xalqımızın yaddaşında daim qalacaqlarını və hər zaman böyük hörmət və ehtiramla anılacaqlarını vurğulayıb. X.Xələfov bu xüsusda ispan aviatorların şərəfinə Gəncə şəhərində muzeyin təsis edildiyini diqqətə çatdırıb.
Xələf Xələfov Azərbaycan və ispan xalqları arasında tarixi oxşarlıqların və yaxşı münasibətlərin olduğunu vurğulayaraq, bu səfərin xalqlarımız arasında təmasların artırılmasına töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərə toxunan nazir müavini bu münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edib, ölkəmizin İspaniya ilə həm də iqtisadi əməkdaşlığı gücləndirmək niyyətini ifadə edib. X.Xələfov, həmçinin turizm, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir müavini münaqişə ilə bağlı ölkəmizin ədalətli mövqeyinin İspaniya tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini deyib.
İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez təşkilat üzvlərinin və ispan aviatorların ailə üzvlərinin Xarici İşlər Nazirliyində qəbul edilməsinin yüksək qiymətləndirildiyini söyləyib və onlara Azərbaycanda göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ispan aviatorların Azərbaycan xalqı tərəfindən böyük ehtiramla xatırlanmasına və bu xüsusda onların xatirəsini əbədiləşdirmək üçün Gəncə şəhərində təsis edilmiş muzeyə görə İspaniya səfirliyi və təşkilat adından minnətdarlıq ifadə edib.
İspaniya Aviatorlar Assosiasiyasının rəhbəri, tarixçi Akilino Marta Pyer 1936-1939-cu illərdə İspaniyada siyasi və hərbi vəziyyət, ispan gənclərin xarici ölkələrə, o cümlədən Azərbaycana aviasiya təlimi almaq üçün göndərilməsi, onların faşizmə qarşı mübarizəsi, eləcə də təşkilatın yaranma səbəbləri barədə məlumat verib. O, İspaniya Aviatorlar Assosiasiyasının siyasi təşkilat olmasa da, iki ölkə arasında siyasi əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib.
Görüşdə ispan aviatorların ailə üzvləri də təəssüratlarını bölüşüb, hər zaman Azərbaycan dövləti və xalqı haqqında yüksək fikirdə olacaqlarını diqqətə çatdırıblar.