Xəbərlər
Azərbaycan ilə Çexiya arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanacaq.
Energetika Nazirliyindən bildirib ki, bu barədə energetika nazirinin müavini Natiq Abbasovun Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin xarici iqtisadi siyasət departamentinin direktoru Martin Pospişil və Azərbaycanla Çex Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın məsul katibi Olqa Kalinova ilə görüşündə məlumat verilib.
Görüşdə “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na dair müzakirələr aparılıb. Bildirilib ki, sənəd imzalanmaq üçün hazırdır və Anlaşma Memorandumunun Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın 2017-ci il yanvarın 17-19-da Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclası çərçivəsində nazirlər səviyyəsində imzalanması planlaşdırılır.
Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Martin Pospişil ölkəsinin enerji təchizatında mühüm mövqeyə malik Azərbaycanın enerji daşıyıcılarının şaxələndirilməsi strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, Anlaşma Memorandumunun imzalanması ilə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əlavə imkanlar yaranacaq.
N.Abbasov da Azərbaycanın Çexiya ilə enerji əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. Bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaşayış sektorunda və iri enerji tutumlu sənaye müəssisələrində enerji səmərəliliyi və enerji effektivliyinə nail olunması əsas hədəflərdəndir. Çex Respublikası ilə bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə ehtiyac var.
Görüşdə həmçinin enerji əməkdaşlığına dair məsələlərin müzakirəsi məqsədilə işçi qrupunun yaradılması ətrafında da fikir mübadiləsi aparılıb.