YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir

«Yeni iqtisadi şəraitdə Azərbaycan qarşıya çıxan çağırışları nəzərə alaraq gələcək inkişafın bir sıra prioritet istiqamətlərini müəyyənləşdirib. Bunlar əsasən iqtisadiyyatın neftdənkənar sahələridir və hazırda həmin istiqamətlərdə istehsal imkanlarının genişləndirilməsi məqsədilə müvafiq tədbirlər görülür». Bu fikirləri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, ölkəmiz iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına diqqəti xüsusilə artırıb. Onun sözlərinə görə, əldə olunan nəticələr Azərbaycanın yeni inkişaf kursunun uğurlu olacağını söyləməyə əsas verir.

«Ölkəmizdə hazırda sənaye sektorunun gələcək inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil. Azərbaycanın iqtisadi potensialı elədir ki, burada həm ənənəvi neftçıxarma və neft emalı sənayesini yeni texnologiyalar əsasında daha da inkişaf etdirmək, eyni zamanda, yeni qlobal çağırışlara uyğun olaraq müasir sənaye sahələri yaratmaq mümkündür. Müstəqil Azərbaycanın sənaye quruculuğu siyasəti də məhz ənənələri saxlamaqla yanaşı, dünyanın müasir trendlərini özündə ehtiva edən yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir. Son illərdə respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olunub. Əlamətdar haldır ki, ölkəmizdə sənayeləşmə siyasəti ildən-ilə daha geniş vüsət alır. Təsadüfi deyil ki, son illər ölkədə yüzlərlə sənaye müəssisəsi yaradılıb. Respublikamızda qeyri-neft sənayesinin inkişaf dinamikasının daha yüksək olması xüsusilə diqqətəlayiqdir»- deyə, X.Kazımlı qeyd edib.