YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrləri Braziliya Senatının kitabxanasına hədiyyə olunub

Braziliya Federal Senatının binasında Heydər Əliyev Fondu və Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü, Braziliya Senatında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti, senator Kristovam Buarkenin dəstəyi ilə Senatın akademik Luiz Viana Filyo adına kitabxanasına Fondun Azərbaycan haqqında nəşrlərin hədiyyə olunub.

Fonddan Trend-ə verilən məlumata görə, Braziliya parlamentinin üzvləri, xarici ölkələrin səfirləri və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən təqdimatda Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada elm, təhsil, mədəniyyət, idman, sosial, ətraf mühit və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Heydər Əliyev Fondunun Braziliya Senatının kitabxanasına təqdim edilən Azərbaycan haqqında nəşrlərindən bəhs edərək bu tədbirin Azərbaycan və Braziliya arasında əlaqələrə töhfə verdiyini qeyd edib. O, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərini və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb. Səfir E.Sultanov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun müxtəlif sahələrdə, o cümlədən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirdiyini vurğulayıb.

Təhsil sahəsinin Azərbaycanda əsas prioritetlərindən biri olduğunu qeyd edən səfir E.Sultanov ölkəmizdə savadlılığın 100 faiz səviyyəsində olduğunu və son illərdə üç mindən artıq yeni məktəbin inşa edildiyini diqqətə çatdırıb. O, senator K.Buarkeyə tədbirin təşkilində göstərdiyi dəstəyə və ikitərəfli münasibətlərin genişlənməsinə verdiyi töhfəyə görə təşəkkür edib. Braziliya Konqresi ilə əməkdaşlığa toxunan səfir E.Sultanov Braziliya Deputatlar Palatasının prezidenti Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin 30 oktyabr - 2 noyabr tarixlərində Azərbaycana rəsmi səfərinin əhəmiyyətini vurğulayıb.

Senator Kristovam Buarke Heydər Əliyev Fondunun Azərbaycan haqqında nəşrlərinin hədiyyə edilməsinə görə Fonda və səfirliyə minnətdarlığını bildirib. O, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edərək Azərbaycanın müxtəlif sahələrdə inkişafından, o cümlədən təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.

Senator Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin zəngin ədəbi yaradıcılığına və mütərəqqi ideyalarına valeh olduğunu bildirərək, onun səkkiz əsr əvvəl yaratdığı əsərlərlə tanış olmağı vacib sayıb və Heydər Əliyev Fondunun “Nizamin Gəncəvi. Aforizmlər” kitabını özünün portuqal dilinə tərcümə etdiyini qonaqların diqqətinə çatdırıb. K.Buarke Heydər Əliyev Fondunun hədiyyə etdiyi nəşrlərin Azərbaycan haqqında məlumatların Braziliya oxucusuna çatdırılmasında əvəzsiz rol oynayacağına əminliyini ifadə edib.

Daha sonra səfir E.Sultanov Azərbaycan haqqında nəşrlərin Heydər Əliyev Fondu tərəfindən Braziliya Senatının kitabxanasına hədiyyə olunmasına dair sertifikatı kitabxananın direktoru Helena Vyeyraya təqdim edib.