Gündəm
Prezident İlham Əliyev: Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək
Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək.
Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 12-də Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində hərbçilərlə görüşü zamanı səsləndirib.
Prezident deyib: “Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür”.
Ordumuzun maddi-texniki təminatının ən yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika alıb. Bu, özünü aprel döyüşlərində bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür. Vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınaraq ordumuzun sərəncamına verilib.