Xəbərlər
“Bayrağım - varlığım, bəxtiyarlığım” mövzusunda hərbi vətənpərvərlik həftəsinə start verilib
9 noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Silahlı Qüvvələrdə “Bayrağım - varlığım, bəxtiyarlığım” devizi altında hərbi vətənpərvərlik həftəsinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər keçiriləcək. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqlarının açıq səma altında sərgisi, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri təşkil olunacaq. Bununla yanaşı, şair və yazıçıların iştirakı ilə “Azərbaycan ədəbiyyatında bayraq” mövzusunda ədəbi-bədii gecə, “Heydər Əliyev və Azərbaycan bayrağı” mövzusunda “dəyirmi masa”, aprel döyüşləri zamanı işğaldan azad edilmiş Bayraqtəpə və Lələtəpə zirvələrinə bayraq yürüşü keçiriləcək. Silsilə tədbirlərə Vətən yolunda şəhid olan övladlarının cənazələri üzərinə sərilmiş bayraqlarla gələn şəhid valideynləri və “Azərbaycan Bayrağı” ordeninə layiq görülən döyüşçülər ilə görüşlərin təşkili də daxildir.
Həftə çərçivəsində ilk tədbir Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tərtər rayonundakı Bayraq Meydanında keçirilən tədbiri layihənin müəllifi, polkovnik Abdulla Qurbani açaraq, Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib. Bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və işğal altındakı digər torpaqlarımızda dalğalanacağına əminlik bildirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin məhz Tərtər rayonunda keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan bayrağının bu gün etibarlı əllərdə olduğunu, ordu ilə xalqın Ali Baş Komandanın əmrlərinə bu bayraq altında hər an hazır olduqlarını vurğulayıb.
Aprel döyüşlərinin qəhrəmanlarından olan polkovnik Polad Həşimov, kapitan Mirdaməd Bağıyev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Vüqar Şıxlınski, şəhər gəncləri adından Ülviyyə İsmayıllı və başqaları çıxış edərək Azərbaycan bayrağının müqəddəsliyindən və onun uğrunda hər bir əmrə müntəzir olduqlarından danışıblar.
Gəncə qarnizonu zabitlər evinin bədii təşviqat qrupunun və “N” hərbi hissəsinin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib. Yüzdən çox bayrağın nümayiş etdirildiyi açıq səma altında Azərbaycan bayraqları sərgisində Midiya dövründən başlayaraq mövcud olmuş dövlətlərin bayraqları nümayiş etdirilib. Yüzlərlə tamaşaçı Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və digər xanlıqların bayraqlarına böyük maraqla tamaşa ediblər.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli bayrağınadək 9 bayraq nümunəsi, Böyük Vətən müharibəsində azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 402-ci, 416-cı milli atıcı diviziyalarının və 1945-ci ilin mayında Reyxstaqda dalğalanan qələbə bayrağı nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinin döyüş bayrağı tamaşaçılarda böyük maraq oyadıb.
Tərtərlilər və bölgənin müdafiəsində mətin dayanan Vətən oğulları qələbə bayrağımızın tezliklə cənnət Qarabağımızda dalğalanacağı əminliyi ilə tədbirdən ayrılıblar.
Silahlı Qüvvələrdə Bayraq Gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.