YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Bankı Azərbaycanda su layihəsinin genişləndirilməsinə 150 milyon dollar ayırıb

Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda reallaşdırılan ikinci "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsinə əlavə maliyyələşdirmənin ayrılmasının bəyənib. Bu barədə çərşənbə günü DB-nin saytında yerləşdirilmiş xəbərdə deyilir.

Məlumatda bildirilir ki, 150 milyon dollar məbləğində əlavə vəsait ölkə regionlarının su təchizatının keyfiyyətinin və etibarlılığının artırılmasına, mövcud su boruları və kanalizasiya şəbəkələrinin genişləndirilməsinə yönəldiləcək.

Layihədə Azərbaycan hökumətinin payı 83 milyon dollar təşkil edir. Əlavə maliyyələşdirmə çərçivəsində layihənin reallaşma müddəti 31 dekabr 2017-ci ilədək uzadılıb.

DB-nin Cənubi Qafqaz üzrə direktoru Henri Keralinin sözlərinə görə, göstərilən əlavə maliyyələşdirmə Azərbaycan hökumətinin ölkənin regionlarında reallaşdırdığı su təchizatının yaxşılaşdırılması üzrə kompleks proqramı tamamlayacaq.

Kerali deyib: "Etibarlı su təminatı və kanalizasiya kimi ictimai infrastrukturun baza xidmətlərinin təqdim edilməsi kənd əhalisinin həyat səviyyəsinə əhəmiyyətli təsirə malik olacaq, həmçinin yoxsulluğun azaldılması üzrə DB qrupunun hədəflərinə nail olmağa və ümumi çiçəklənməyə imkan yaradacaq".

İkinci "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi 2008-ci ildən reallaşdırılır və 120 mindən artıq sakini əhatə edərək artıq 3 regional mərkəzdə müvafiq infrastrukturun yaxşılaşdırılmasına kömək edib.