YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər

Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ən böyük maneədir. Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib.

N.Məmmədov bildirib ki, bu gün Azərbaycanın qarşısında duran ən böyük çağırış Dağlıq Qarabağ probleminin həll olunmasıdır: "Azərbaycanın regional və beynəlxalq səviyyədə fəaliyyətinin qarşısında dayanan birinci dərəcəli məqsəd öz ərazi bütövlüyünün bərpasıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi isə təkcə Azərbaycanın deyil, eləcə də bütün regionun inkişafı qarşısında duran əsas maneədir. 20 ildən çoxdur ki, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Ermənistanın işğalı altındadır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

PA rəsmisi deyib ki, dünya birliyi və beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır: "Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Bütün bu sənədlər Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını təsdiqləyir".

DİGƏR Xəbərlər Arxiv