Xəbərlər
Əli Qənbərli: Bu gün dünyanın hər yerindən müstəqil Azərbaycan gənclərinin sədaları gəlir
«25 il bundan əvvəl Azərbaycan xalqı iradə nümayiş etdirərək, öz mənəvi haqqı olan müstəqilliyi əldə etdi». Bu fikri YAP Gənclər Birliyi ofisinin koordinatoru Əli Qənbərli oktyabrın 15-də Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Müstəqilliyin 25 ili-Müstəqilliyin yaşıdları» mövzusunda keçirilən konfransda çıxışında deyib.
Ə.Qənbərli bildirib ki, müstəqilliyin əldə edilməsi ilə Azərbaycan xalqının ruhunda mənəvi dirçəliş, oyanış baş verdi. Onun sözlərinə görə, qət etdiyimiz 25 illik müstəqillik yolu ölkəmiz üçün olduqca məhsuldar olub.
«Əsrin dörddə birinə bərabər olan bu zaman ərzində Azərbaycanın inkişafının təməl pillələri qoyulub. Siyasi, iqtisadi, mədəni, idman kimi sahələrdə əldə edilən uğurlar ölkəmizə dünya miqyasında böyük şöhrət qazandırıb. Bu illər ərzində ölkəmizdə dövlət quruculuğu, dövlət vətəndaş münasibətləri yüksələn xətlə inkişaf edib, müxtəlif sahələrdə beynəlxalq təcrübə öyrənilib, sivil cəmiyyət qurulması istiqamətində mühüm işlər görülüb. Bu dövrdə həmçinin uğurlu dövlət gənclər siyasəti həyata keçirilib. Bu siyasətin nəticəsidir ki, bu gün dünyanın hər yerindən müstəqil Azərbaycan gənclərinin sədaları gəlir.Hər bir gənc bacardığı sahədə ölkəmizin adını uca tutmağa çalışır»- deyə, Ə.Qənbərli qeyd edib.