Xəbərlər
Kaliforniyada yəhudi din xadiminin Xocalı soyqırımına dair kitabı nəşr olunub
Los Ancelesdə yaşayan yəhudi din xadimi Ravvin İsrael Barukun (Israel Barouk) qələmə aldığı, Xocalı soyqırımı zamanı azərbaycanlılara qarşı törədilmiş bəşəri cinayətləri əks etdirən kitab bu günlərdə işıq üzü görüb. Trend-in məlumatına görə, Kaliforniya ştatında fəaliyyət göstərən “Berkley Press” nəşriyyatı tərəfindən çap edilmiş kitab “Xocalı: İnsanlığa qarşı cinayət” (Khojaly: A Crime Against Humanity) başlığını daşıyır.
Geniş və təkzibolunmaz faktlara əsaslanan bu tədqiqat işi əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsinin yaxın tariximizdəki kökləri barədə məlumat verir, bu səpkidə ermənilərin öz separatist niyyətlərini həyata keçirmək üçün 1980-ci illərin sonundan etibarən aşkar şəkildə nümayiş etdirdikləri bədxah əməllərə diqqət çəkir. Müəllif vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi əsassız torpaq iddiaları silahlı münaqişə mərhələsinə çatdıqdan sonra, ermənilər öz məkrli planlarını reallaşdırmaq üçün terroçuluqdan xüsusi vasitə kimi istifadə etmiş, mülki azərbaycanlılar üzərində qorxu yaradaraq onları öz dədə-baba yurdlarından didərgin salmaq planlarını icra ediblər.
Müəllif qeyd edir ki, həmin illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müxtəlif tarix və məkanlarda çoxsaylı qəddarlıqlar törədilsə də, Xocalı soyqırımı öz amansızlığı və kütləviliyi baxımından belə əməllərin zirvə nöqtəsini təşkil edib. Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilmiş vəhşilikləri, ikinci dünya müharibəsi zamanı yəhudi xalqına qarşı nasistlər tərəfindən həyata keçirilən soyqırımı zamanı törədilən qəddarlıqları müqayisə edən İ.Baruk hər iki soyqırmı arasında bu baxımdan oxşarlıqların olduğunu qeyd edir.
Kitabın süjet xətti iki əsas istiqamət üzrə qurulub. Birinci istiqamət Xocalı soyqırımının canlı şahidlərini, belə ki, soyqırımı zamanı ermənilərə əsir düşmüş və əsirlikdən azad edildikdən sonra həyat mübarizəsi apara bilən azərbaycanlıların danışdığı tükürpədici cinayət faktlarını əks etdirir. Bu səpkidə silahsız və müdafiəsiz mülki azrbaycanlılara, o cümlədən qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş ağır işkəncələr və amansız qəddarlıqlar soyqrımı şahidlərinin öz dillərindən oxucuya çatdırılır.
Əsərin ikinci istiqaməti isə Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması ilə bağlı mövcud vəziyyəti əks etdirir. Müəllif konkret mənbələrə istinad edərək, müxtəlif ölkələrin, o cümlədən ABŞ-ın 21 ştatının, həmçinin, çoxsaylı beynəlxalq təşkilat və KİV-lərin bu qətliamın insanlığa qarşı törədilmiş cinayət olduğunu təsdiq edən sənədləri barədə oxucularla məlumat verir.
Kitab müxtəlif kitab satış mağazalarında amerikalı oxucuların ixtiyarına verilib. İctimai marağı nəzərə alaraq, nəşriyyat tərəfindən əsərin tanınmış internet kitab mağazası olan “Amazon” vasitəsilə satışa çıxarılması dünyanın müxtəlif ölkələrindən bu mövzuya maraq duyan kitabsevərlərə əlavə imkan yaradıb.