Xəbərlər
Latviya Seyminin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Oktyabrın 3-də Latviya Respublikası Seyminin sədri xanım İnara Murnietsenin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
İnara Murnietse jurnalistlərə müsahibəsində Latviya nümayəndə heyətinə Azərbaycanda göstərilən qonaqpərvərliyi, səmimi münasibəti yüksək qiymətləndirdiyini bildirib. O, səfər çərçivəsində bir çox yüksək səviyyəli görüşlər keçirildiyini və həmin görüşlərdə önəmli müzakirələr aparıldığını vurğulayıb.
Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanların olduğunu deyən Seymin sədri xüsusilə iqtisadiyyat, nəqliyyat, logistika və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirə edildiyini diqqətə çatdırıb.