Xəbərlər
Roma Papası Fransisk: Qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm
“Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin çoxçalarlılığı və zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm. Qarşıdan gələn 18 oktyabr tarixində Azərbaycan öz müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Bu tarix ölkənin həmin onilliklər ərzində yaşadığı hadisələrə, əldə etdiyi nailiyyətlərə və üzləşdiyi problemlərə birgə nəzər salmaq fürsətini yaradır.” Bu fikirləri oktyabrın 2-də ölkəmizdə səfərdə olan Roma Papası Fransisk Heydər Əliyev Mərkəzində ictimaiyyətin nümayəndələri qarşısında çıxışı zamanı səsləndirib.
Azərbaycanın sürətli inkişaf meyillərinə toxunan Roma Papası bildirib ki, bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir.
Roma Papası Fransisk çıxışında qeyd etmişdir ki, bir millət daxilində müxtəlif komponentlər arasında ahəngdarlığın təşviq olunmasını labüd hesab edərək, dövlətlər arasında da əsl tərəqqiyə və xalqların azadlığına aparan yolu müdrikliklə, cəsarətlə keçmək və davamlı razılığa, sülhə yol açan vasitələri öyrənmək vacibdir. Xalqları həlli çətin olan ağır əziyyətlərdən, ağrılı çətinliklərdən bu cür qorumaq olar.
“Bu ölkəyə gəldikdə, qanlı münaqişə səbəbindən öz torpaqlarını məcburiyyət qarşısında tərk etmiş, əziyyət çəkən bu qədər şəxslərə böyük vəchlə yaxınlığımı bildirmək istəyirəm. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət öz lazımi yardımını daim göstərsin. Eyni zamanda, yeni mərhələnin başlanmasını mümkün etmək məqsədilə bölgədə sabit sülhün qurulması üçün razılıq doğuran həll variantına nail olmaq naminə hamını əlindən gələni etməyə çağırıram. İnanıram ki, Tanrının himayəsi ilə və tərəflərin xoş iradəsi sayəsində Qafqaz dialoq və danışıqlar yolu elə bir məkana çevriləcək ki, ziddiyyətlər və fərqlər çözüləcək, aradan qalxacaq. Ölkənizə səfəri zamanı müqəddəs II İoann Pavelin gözəl kəlamı ilə desək, qoy, “Şərq ilə Qərbin arasında qapı” olan bu məkan sülhə açıq olsun və digər keçmiş, eləcə də yeni münaqişələrin həlli üçün nümunəyə çevrilsin.”-deyə, Roma Papası Fransisk bildirmişdir.