YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının hökumət sədrinin müavini Olqa Qolodets ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində makroiqtisadi sabitlik və dinamik inkişafın təmin edildiyi Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazirliyin avtomatlaşdırılmış sistemlərindən bıəhs edən  S.Müslümov  2014-cü ilin iyul ayından ölkəmizdə tətbiqinə başlanılan əmək müqavilələrinin elektron qeydiyyat sisteminin üstünlüklərini diqqətə çatdırıb: “Bütün əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına səbəb olan bu sistem işçi hüquqlarının təminatına çevik və obyektiv dövlət nəzarətinin həyata keçirilməsinə, əmək bazarında baş verən prosesləri birbaşa və dəqiq şəkildə izləməyə, əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa şərait yaradıb. Bu sistem eyni zamanda iş yerinə dair arayışların da elektron formada əldə olunması üçün e-xidmətin formalaşmasına imkan verib”.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

S.Müslümov dövlət sosial yardım sisteminin də tam avtomatlaşdırıldığını, sosial yardımın alınması üçün müraciət edilməsi, müraciətlərə baxılması və yardım təyinatı barədə qərar verilməsi prosesinin tam elektron əsaslarla, heç bir insan faktoru iştirak etmədən, şəffaf  şəraitdə yerinə yetirildiyini bildirib. Sığorta-pensiya, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin elektron infrastrukturundan, əhaliyə xidmətlərin elektron müstəvidə təşkilindən bəhs edən S.Müslümov ümumilikdə nazirliyin əhali üçün bütün aktual iş sahələri üzrə elektron xidmətlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Aparılan islahatlarda beynəlxalq əməkdaşlıq müstəvisində Rusiya Federasiyasının aidiyyəti qurumları ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini vurğulayan nazir bildirib ki, ölkələrimizin və  xalqlarımızın tarixi yaxınlığına əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq digər sahələrdə olduğu kimi, əmək və əhalinin sosial müdafiəsi sahəsində də ildən-ilə genişlənir: “Rusiyanın Əmək və Sosial İnkişaf Nazirliyi ilə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığa dair Sazişin icrası ilə bağlı müvafiq işlər görülür. İki ölkə arasında pensiya təminatı, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi, bazar iqtisadiyyatı şəraitində əmək bazarının tənzimlənməsi, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, peşə ixtisasları üzrə standartların hazırlanması, əlillərin reabilitasiyası və s. sahələrdə fəal əməkdaşlıq əlaqələrimiz vardır”.

Nazir eyni zamanda beynəlxalq təşkilatlarda (BMT-nin və Avropa Şurasının sosial sahələrlə bağlı struktur bölmələrində, Beynəlxalq Əmək Təşkilatında, MDB-yə üzv dövlətlərin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məsləhət Şurasında və s.) qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə əməkdaşlığın həyata keçirildiyini qeyd edib: “Xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının böyük  əksəriyyətinin Rusiyada olduğu nəzərə alınmaqla, əmək miqrasiyası sahəsində də bu ölkə ilə birgə və səmərəli işlər aparılaraq uğurlu əməkdaşlıq təcrübəsi formalaşıb. Hazırda bu sahədə əlaqələrin qarşıdakı dövrdə də inkişaf etdirilməsi daim diqqətdə saxlanılır və bu məqsədlə müvafiq Saziş layihəsi də hazırlanıb. Eyni zamanda iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində  əməkdaşlıq haqqında yeni Saziş layihəsinin hazırlanması da təmin edilib”.

S.Müslümov diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahəsində fəal əməkdaşlıq bu sahədə daim genişlənən təcrübə mübadilələrinə də imkan yaradıb: “Son illərdə ölkəmizdə yaradılan avtomatlaşdırılmış sığorta-pensiya sistemi, əmək müqavilələrinin elektron qeydiyyat sistemi və s. beynəlxalq qurumlar tərəfindən də müasir dünyanın qabaqcıl təcrübə nümunələri kimi qəbul olunur və təbliğ edilir. Bu sahədə rusiyalı həmkarlarımızla da davamlı təcrübə mübadilələri aparırıq. Cari ilin may ayında ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin nümayəndə heyətinə Azərbaycanda əmək münasibətlərinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində əldə olunmuş təcrübə barədə ətraflı məlumat verilib, qarşılıqlı təcrübə və məlumat mübadiləsi aparılıb. Eyni zamanda bu ilin iyun ayında Rusiya Federasiyasının Federal Sığorta Xidməti ilə birgə videokonfrans keçirilib, sosial sığorta sistemi və əmək müqavilələrinin elektron qeydiyyatı sahəsində səmərəli təcrübə mübadiləsi həyata keçirilib”. Nazir bildirib ki, hər iki tərəf üçün faydalı olan bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də davam etdirilməsi, əməkdaşlığımızın inkişafı üçün müvafiq səylər göstəriləcəkdir.

O.Qolodets ölkəsi ilə Azərbaycan arasında yüksək səviyyədə olan əlaqələrin əmək və sosial müdafiə sahəsində də davam etməsinin və daim genişlənməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Əmək və sosial müdafiə sahələrində avtomatlaşdırlmış idarəetmə və xidmətlər sisteminin formalaşdırılması sahəsində ölkəmizin təcrübəsinin maraq doğurduğunu qeyd edən O.Qolodets müvafiq sahələrdə aparılan islahatlar barədə təcrübə mübadilələrinin daha da genişlənməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Rusiya arasında əmək və sosial müdafiə sahələrində əməkdaşlığın, o cümlədən təcrübə mübadilələrinin qarşıdakı dövrdə də genişləndirilməsi məsələləri müzakirə olunub.