Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda V Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.
Bakı beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edir. Bu Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. Humanitar Forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarətdir. Budəfəki Forumun mövzuları da son dərəcə maraqlıdır. “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər” Forumun müzakirə mövzuları olacaq. Bundan əlavə, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb ediləcək.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında söylədiyi nitqində Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayaraq, Azərbaycana “xoş gəlmisiniz” dedi.
Prezident İlham Əliyev qeyd etdi ki, builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir. Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa, multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr aparılmışdır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına da ev sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir göstəricidir. Çünki ilk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Oyunları keçiriləcəkdir. Bugünkü Azərbaycan, bax, bu yolla gedir.
Dövlət başçımızın sözlərinə görə, bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.
“Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr qəbul edib və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın 100-dən çox ölkəsi birləşir. Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdir. Bu, dünyada çox böyük əks-səda yaratmışdır. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir” – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.
Prezident İlham Əliyev: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir. Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir. Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır. Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti bundan sonra da aparacağıq”.
Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan hökumətinin dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda, bu, cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət Bayrağı Meydanının, - bu bayraq dövlətçiliyimizin rəmzidir, - yaxınlığında multikulturalizmə abidə ucaldılmışdır.
“Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meyilə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki, gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək.
Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi. Son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, - mən Yaxın Şərqi nəzərdə tuturam, - insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi ölkələrdə çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli meyildir” – deyə, Prezident İlham Əliyev bildirmişdir.
Dövlət başçımız daha sonar, qeyd etmişdir ki, biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır, müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Misal üçün, islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəzi Avropa ölkələrinin rəhbərləri “stop İslam” deyirlər. Bəziləri deyir ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir? Bu XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu, belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq. Müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha da böyük dəstək qazanması da narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik.
Prezident İlham Əliyev bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunda tanınmış dövlət xadimləri, ictimai xadimlər, tanınmış alimlər, - onların arasında 13 Nobel mükafatı laureatı var, - jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər dəyərli qonaqlar iştirak edirlər. Ona görə, bu, açıq diskussiyalar, tövsiyələr, hərəkət üçün çox gözəl bir formatdır.
“Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük diqqət yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır. Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar, şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı kimi tanıyıb.
İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət çəkirlər” – deyə, Prezident İlham Əliyev bildirmişdir.
Azərbaycan Prezidenti vurğulamışdır ki, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT, onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri, - yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.
“Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq təmin edilməlidir.
Bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir, biz güclənirik. Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin əksər illəri inkişaf və tərəqqi illəri olmuşdur. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malikdir. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir” - deyə, Prezident İlham Əliyev bildirmişdir.
Dövlət başçımız qeyd etmişdir ki, ölkəmizdə humanitar məsələlər öz həllini tapır. Biz bu məsələlərə çox böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin problemləri həllini tapır. Doxsandan çox qəsəbə salınmışdır və 250 mindən çox köçkünə yeni evlər, mənzillər verilmişdir.
Prezident İlham Əliyev: “Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul üç dəfə artmışdır. Bizim böyük valyuta ehtiyatlarımız var və onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi təbii resurslarla bağlıdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir. Dünən mənə məlumat verildi ki, Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 37-ci yeri tutmaq hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, çox dərin siyasi böhran, iqtisadi böhran yaşanırdı. Qaçqınların, köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bu da əlbəttə ki, bizim maliyyə resurslarımızı cəlb edib. Bütün bunlara baxmayaraq düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edir.
Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə qurmuşuq və bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də bu niyyətin bir hissəsidir”.
Prezident İlham Əliyevin nitqindən sonra, Rusiya Hökumətinin sədr müavini Olqa QOLODETS Prezident Vladimir Putinin Forum iştirakçılarına müraciətini oxudu. Rusiyanın dövlət başçısı müraciətində qısa müddətdə beynəlxalq aləmdə tanınan və aktual məsələlərin müzakirə olunduğu Forumun gündəliyində olan məsələlərin dünyada humanitar əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Rusiya Hökumətinin sədr müavini Olqa Qolodets çıxışında xalqlar arasında bütün səviyyələrdə münasibətlərin gücləndirilməsinin əhəmiyyətinə toxundu, Azərbaycan və Rusiya prezidentlərinin birgə fəaliyyətinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Olqa Qolodets ölkələrimiz arasında humanitar sahədə əlaqələrin böyük gələcəyinin olduğunu diqqətə çatdırdı.
BMT baş katibinin müavini Cihan SULTANOĞLU qurumun baş katibi Pan Gi Munun Forum iştirakçılarına müraciətini oxudu. Məktubda İstanbulda keçirilən Dünya Humanitar Sammitində Prezident İlham Əliyevin iştirakı yüksək qiymətləndirilib. Dünyada yaşanan miqrant böhranından ciddi narahatlıq keçirdiyini deyən Pan Gi Mun Bakı Beynəlxalq Humanitar Forumunun bu böhranın qarşısının alınmasına töhfə verəcəyini bildirib.
BMT-nin İnkişaf Proqramı adından çıxış edən baş katibin müavini Cihan Sultanoğlu Prezident İlham Əliyevə bu tədbirin keçirilməsindəki dəstəyinə görə minnətdarlıq etdi. O, bu Forumun BMT-nin 2030-cu ilədək davamlı inkişafla bağlı nəzərdə tutduğu tədbirlərə əhəmiyyətli töhfə verəcəyini bildirərək ölkəmizi müstəqil olduğu 25 ildə əldə etdiyi nailiyyətlər münasibətilə təbrik etdi. İqtisadi artım, sosial islahatlar, “ASAN” brendinin fəaliyyətə başlamasının ölkəmizin nailiyyətləri arasında mühüm yer tutduğunu deyən Cihan Sultanoğlu Azərbaycan sülhməramlılarının münaqişə ocaqlarındakı fəaliyyətini, ümumiyyətlə, ölkəmizin humanitar əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirdi. O, əmin olduğunu vurğuladı ki, Azərbaycan BMT-nin davamlı inkişaf məqsədlərinin irəli aparılmasında fəal rolunu davam etdirəcək.
ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-TÜVEYCRİ çıxışında bildirdi ki, Prezident İlham Əliyevin səyləri və təşəbbüsləri sayəsində dünyada sülhə və əməkdaşlığa töhfə verilib. “Azərbaycan UNESKO və ISESCO-nun vacib tədbirlərinin keçirildiyi məkana çevrilib”, - deyən Tüveycri böyük dövlətlərin dünyada sülhün və təhlükəsizliyin qorunması istiqamətində daha ciddi səylər göstərməsinin vacibliyini bildirdi. BMT Təhlükəsizlik Şurasının digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi işində daha çox iş görməli olduğunu deyən ISESCO-nun baş direktoru bu münaqişələrin həllində yubanma və ləngimənin daha ağır fəsadlara səbəb ola biləcəyini vurğuladı. Bildirdi ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək səylərinə ISESCO bundan sonra da dəstəyini davam etdirəcək.
UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA sülhə təhdid doğuran indiki qloballaşma dövründə yoxsulluğun artdığını, qaçqın və köçkünlərin sayının çoxaldığını, uşaqların və gənclərin bundan daha çox əziyyət çəkdiyini diqqətə çatdırdı. Bununla yanaşı, vurğuladı ki, UNESCO münaqişələr zamanı mədəni irsin dağıdılması hadisələrindən çox narahatdır və bu kimi halların qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsini vacib bilir. Dünyada sülh mədəniyyətinin daha da möhkəmləndirilməsinin əhəmiyyətinə toxunan Q.Enqida UNESCO-nun əsas tərəfdaşı olan Azərbaycan hökumətinin başlatdığı dünya mədəniyyətlərarası dialoq platformasının uğurlarından danışdı.
Bununla da V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimi başa çatdı.
Forum işini plenar iclasla və “dəyirmi masa” rəhbərlərinin çıxışları ilə davam etdirib.