YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclası keçirilib

Sentyabrın 28-də Bakıda MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 41-ci iclası keçirilib.

İclasda MDB Antiterror Mərkəzinin və İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edib. Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün SORB üzvlərinin qərarı ilə Almaniya, İtaliya, Fransa və İspaniyanın müvafiq strukturlarının məsul vəzifəli nümayəndələri də müşahidəçi qismində tədbirə qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Heydər Əliyev Mərkəzində də olan iştirakçılara dünya memarlığının nadir incilərindən sayılan bu mərkəz haqqında ətraflı məlumat verilib. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyi qonaqların böyük marağına səbəb olub.

Sonra MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 41-ci iclası keçirilib.

Beynəlxalq tədbiri giriş sözü ilə açan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev iclasda ümumi təhlükəsizlik əleyhinə yönələn təhdidlərin, o cümlədən terrorçuluğun, ekstremizmin və mütəşəkkil cinayətkarlığın digər növlərinin qarşısının alınması üzrə aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, dünyada terrorçuluğun, dini radikal-ekstremist birləşmələrin transmilli cinayətkarlıqla bütövləşməsi təhdidlərinin artması bu təhlükələrə qarşı daha yeni və səmərəli mübarizə üsullarının işlənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsini vacib edir. Mədət Quliyev terrorizmin bütün növləri ilə mübarizədə səylərin birləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, Şuranın iclasları MDB ölkələrinin xüsusi xidmət orqanlarına ölkələrimizin milli təhlükəsizliyini daha möhkəm təmin etmək üçün fəaliyyəti müəyyənləşdirməyə imkan verir. Konfessiyalararası və etnik zəmində təhlükələrin artdığını deyən Prezident Administrasiyasının rəsmisi MDB xüsusi xidmət orqanları ilə yanaşı, digər ölkələrin də müvafiq qurumlarının bu iclasda iştirakının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda təhlükəsizliyin təmin olunmasına və risklərin azaldılmasına xüsusi diqqət yetirilir. Ölkəmizdə bu sahədə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir. Azərbaycan terrorizmə, dini-radikal ekstremizmə qarşı mübarizədə kifayət qədər geniş təcrübəyə sahibdir.

MDB-nin İcraiyyə Komitəsi sədrinin – icraçı katibin müavini Konısbek Jusupbekov yaradılan şəraitə görə minnətdarlığını bildirib. MDB Dövlət Başçıları Şurasının Qırğızıstanda keçirilən iclasında da terrorizmlə mübarizənin əsas müzakirə mövzularından biri olduğunu qeyd edən Konısbek Jusupbekov vurğulayıb ki, həmin iclasın yekununda qəbul edilən 16 sənəddən 5-i məhz təhlükəsizlik məsələləri ilə bağlıdır.

SORB-un sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov iclasda terrorçuluq, radikalizm və hər cür ekstremist təzahürlərlə mübarizənin təkmilləşdirilməsi, qarşılıqlı məlumat mübadiləsi, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlərin təhqiqatı və müvafiq əməliyyat tədbirləri üzrə əməkdaşlığın perspektivlərinin müzakirə olunacağını bildirib. A.Bortnikov son illər terrorizmlə mübarizədə MDB ölkələrinin xüsusi xidmət orqanları arasında vahid yanaşma mexanizmlərinin hazırlandığını diqqətə çatdırıb.

İclasda transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması yolları, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb. SORB yanında Elmi-texniki əməkdaşlıq, İnformasiya təhlükəsizliyi, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz beynəlxalq dövriyyəsi ilə mübarizə üzrə komissiyaların ekspert iclasları olub.

Tədbir çərçivəsində DTX-nin rəisi, general-leytenant Mədət Quliyev Rusiya, Belarus, Tacikistan, Almaniya və digər nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

41-ci iclasin sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar imzalanıb, SORB-un gələn il üçün Fəaliyyət Planı təsdiq edilib, MDB Antiterror Mərkəzinin 2017-ci ildə nəzərdə tutulan tədbirlərin siyahısı razılaşdırılıb.

MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının gələn il Qırğızıstanda keçirilməsi qərara alınıb.