YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Sentyabrın 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun layihələri müzakirə edilib.

Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib. O qeyd edib ki, “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanun layihəsi “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının 2006-cı il 29 dekabr tarixli 226-IIIQ nömrəli Qanununun 17-ci maddəsinə uyğunlaşdırılma məqsədilə hazırlanıb.

Qeyd olunub ki, “Dövlət borcu haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir” maddəsi əlavə ediləcək.

Komitə sədri qeyd edib ki, “Büdcə sistemi haqqında” Qanuna təklif olunan dəyişikliklərə əsasən Qanunun 5.3-cü maddəsinə əsasən “Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar” – məzmununda ikinci cümlə əlavə ediləcək. Həmçinin 17.4-cü maddədə “çatdırılmasına” sözü “çatdırılmamasına” sözü ilə əvəz ediləcək. 21.3-cü maddədə “aparılması” sözü “aparılmaması” sözü ilə, “istifadəsinə” sözü “istifadə edilməməsinə” sözləri ilə, “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri isə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz ediləcək.

Bildirilib ki, büdcədənkənar dövlət fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və bu vəsaitlərin başqa məqsədlər üçün xərclənməsinə yol verilməməlidir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

İclasda qeyd olunub ki, qanunsuz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesi sadələşdirilir. Bununla bağlı məsələlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliklərdə əksini tapıb. Nəzərdə tutulan dəyişikliyə əsasən, əgər vətəndaşın fərdi yaşayış tikintisi üçün torpaq mülkiyyəti varsa və onun tikintinin həyata keçirilməsi ilə bağlı layihə sənədləri yoxdursa belə onların tikdikləri yaşayış evinə hər hansı bir sənəd tələb olunmayacaq. Fərdi yaşayış mənzili 2013-cü il yanvarın 1-dək tikilibsə və vətəndaşın ancaq torpaq mülkiyyəti haqqında sənədi varsa, ondan hər hansı layihə və ya digər bir sənəd tələb olunmayacaq. Tikilən yaşayış evinə sənəd veriləcək.

Müzakirələrdən sonra dörd məsələ Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.