YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini bir daha ifadə etdilər

«Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar keçirilən referendum səsverməsində vətəndaşların böyük əksəriyyəti yaxından iştirak ediblər. YAP-ın bütün ölkə üzrə müşahidəçilərinin verdiyi məlumatlar əsasında tam məsuliyyətlə səsvermədə vətəndaşların yüksək fəallıq göstərdiyini söyləyə  bilərəm. Bu da ondan xəbər verir ki, Azərbaycan vətəndaşları ölkəmizdə keçirilən referenduma kifayət qədər məsuliyyətlə yanaşıblar, referenduma çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər və nəticə etibarilə ölkəmizdə növbəti demokratik prosedur həyata keçirilib». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov bu gün Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsinin yekunları  ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Əli Əhmədov bildirib ki, 26 sentyabrda keçirilən referenduma ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymət verilməlidir. Onun sözlərinə görə, insanların səsvermə prosesində fəal iştirakı bu amillə əlaqədardır və bu test kifayət qədər uğurlu olub.

«Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini bir daha ifadə etdilər. Digər tərəfdən, referendum Konstitusiyamızın müasir tələblər baxımından təkmilləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.  Konstitusiya dəyişikliklərinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin daha çevik formaya salınması ilə əlaqədardır. Digər tərəfdən, referenduma çıxarılan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi və siyasi islahatların siyasi və hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumda həll olunan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumdan sonra yaradılan siyasi və hüquqi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına  hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək»- deyə, YAP Sədrinin müavini Əli Əhmədov vurğulayıb.