YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum başa çatıb

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) yerli vaxtla saat 19-da başa çatıb.

Səhər saat 8-də başlayan referendumda ilk saatlardan yüksək seçici fəallığı müşahidə edilib.

Referendum 125 seçki dairəsi, 5627 seçki məntəqəsi üzrə keçirilib. Ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Seçki məntəqələrinə 5 milyon 280 min 924 səsvermə bülleteni paylanılıb. Seçki dairələri dairə seçki komissiyalarının hamısı kompyuterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Məntəqələr gözlə görünməyən mürəkkəb və bu mürəkkəbi oxumaq üçün ultrabənövşəyi lampalar və s. zəruri materiallarla tam təchiz edilib.

Gün ərzində beş dəfə - saat 10-da, 12-də, 15-də, 17-də və 19-da səsvermədə fəallıqla bağlı məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi şəbəkəsi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına (MSK) ötürülərək internet səhifəsində yerləşdirilməklə ictimaiyyətə təqdim olunub.

Ümumxalq səsverməsi ilə əlaqədar 119 seçki dairəsi üzrə min seçki məntəqəsində onlayn rejimdə işləyən veb-kameralar quraşdırılıb.

Referendumu izləmək üçün Avropa Şurası Parlament Assambleyasının, MDB Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının müşahidə missiyaları, Böyük Britaniya, İtaliya, Türkiyə, Fransa, Avstraliya və digər dövlətlərin parlamentariləri, xarici ölkələrin ali seçki qurumlarının nümayəndə heyətləri və s. daxil olmaqla 18 beynəlxalq qurumdan 117 beynəlxalq müşahidəçi səsvermənin gedişini izləyib ki, bunlar da 33 ölkənin vətəndaşlarıdır.

Səsvermə prosesinin müşahidəsinə öz təşəbbüsləri ilə və siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, referendum üzrə təşviqat qruplarının təşəbbüsü ilə akkreditasiyadan keçmiş 53 min 531 yerli müşahidəçi qatılıb.

Səsvermə saat 19-da başa çatıb.

Referendum demokratik, şəffaf keçirilib, yüksək seçici fəallığı müşahidə olunub. Beynəlxalq müşahidəçilər səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu, bütün məsələlərin qanun çərçivəsində tənzimləndiyini bildiriblər. Seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntusu müəyyən olunmayıb.

MSK qanunla nəzərdə tutulmuş qaydada seçki prosesinin təşkilini təmin edib.