YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlı rayonunda «Yeni Azərbaycan» təşviqat qrupunun qadın seçicilərlə görüşləri keçirildi

Sentyabrın 23-də Saatlı rayonunda referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı qadın seçicilərlə görüşləri keçirildi.

Görüşlərdə çıxış edən YAP Saatlı rayon  təşkilatının sədri Lütvəli Şıxəliyev bildirdi ki, bu gün Azərbaycan  dövləti inkişaf edir, müasir dünyaya inteqrasiya olunur. Eyni zamanda, insanların hüquq və azadlıqlarının daha geniş mənada qorunması üçün də sözügedən dəyişikliklərə ehtiyac duyulur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan vətəndaşları  bu dəyişiklikləri yekdilliklə dəstəkləyəcək. Çünki xalqımız belə siyasi hadisələrdə həmişə müdriklik göstərib.

Görüşlərdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, referendum üzrə «Yeni Azərbaycan» təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, akademik Əhliman Əmiraslanov çıxış edərək bildirdi ki, 1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu illərdə keçirilən referendumlarla ona əlavə və dəyişikliklər edilir. Konstitusiya dünyanın heç bir ölkəsində doqma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi və idarəetməni daha çevikləşdirmə ilə bağlıdır».

 Ə. Əmiraslanov bildirdi ki,  dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir: «Hələ ilin əvvəlində Prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Ona görə də Konstitusiyaya dəyişikliklərini ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal idarəetmə kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrinin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır».

Görüşdə çıxış edən YAP Saatlı rayon təşkilatının Qadınlar Şurasının sədri Reyhan Ocaqova Konstitusiyaya nəzərdə tutulan dəyişiklik və əlavələrin tarixi zəruriliyindən danışaraq, sənəddə əksini tapan müddəaların bir çox istiqamətləri əhatə etdiyini bildirib: «Bu gün Azərbaycan özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ölkəmiz inkişaf etdikcə qanunlara da bu və ya digər şəkildə dəyişikliklər və əlavələrin edilməsinə ehtiyac duyulur. Sentyabrın 26-na təyin edilmiş referendumda Azərbaycan Konstitusiyasına dəyişiklik və əlavələrin edilməsi də zamana uyğun atılan addımlardandır. Biz qadınlarımızı daha fəal olmağa və  sentyabrın 26-da  seçki məntəqələrinə gəlib ümumxalq səsverməsində fəal iştirak edərək Konstitusiya islahatlarına səs verməyə dəvət edirik.»

Görüşlərdə çıxış edən seçicilər də dəyişikliklərlə tanış olduqlarını və onu dəstəklədiklərini diqqətə çatdırdılar.