Xəbərlər
Vüsal Hüseynov: Dəyişikliklər bir daha təsdiq edir ki, Konstitusiyamızda insan amilinə və demokratik dövlət quruculuğunun möhkəmlənməsinə yüksək dəyər verilir
«Hazırda qüvvədə olan Konstitusiyamızda əksini tapan maddələrin əhəmiyyətli hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Sənədə iki dəfə edilən, eyni zamanda sentyabrın 26-sında keçiriləcək ümumxalq səsverməsi zamanı nəzərdə tutulan əlavə və dəyişikliklərə nəzər salsaq, görərik ki, məqsəd insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərini müəyyənləşdirməkdir. Belə ki, təklif edilən dəyişikliklərin əksəriyyəti 15 maddəyə olmaqla Konstitusiyanın İnsan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı olan fəslinə edilmişdir. Bu ümumi dəyişikliklərin təqribən 60 faizdən artıq hissəsidir və dövlətin insan hüquqların müdafiəsi və təmin edilməsində rolunu gücləndirir». Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov deyib.
V.Hüseynov bildirib ki, nümunə üçün şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaşlıq hüququnun təminatı, seçki, birləşmək, müraciət, azad sahibkarlıq hüquqları ilə bağlı maddələrə dəyişikliklər təklif edilir. Onun sözlərinə görə, insan ləyaqətinin qorunması insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi kimi müəyyən edilir. Bu isə bu anlayışın yalnız Konstitusiyanın 46-cı maddəsində əks olunan ayrıca bir hüquq kimi deyil, bütün hüquq və azadlıqların təmin edilməsinə nüfuz edən prinsip olmasını təmin edir.
«Ümumi olaraq bu dəyişikliklər bir daha təsdiq edir ki, Konstitusiyamızda insan amilinə, onun hüquq və azadlıqlarının təminatına və demokratik dövlət quruculuğunun möhkəmlənməsinə yüksək dəyər verilir. Bu təkliflər insanların yüksək rifah şəraitində yaşamasına xidmət edir. Əminəm ki, xalqımız sentyabrın 26-sında keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcək və bu təklifləri dəstəkləyəcək»- deyə, V.Hüseynov qeyd edib.