Gündəm
Mehriban Əliyeva: Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb
“Azərbaycan müstəqilliyini bərpa etməsinin 25 illiyini bu il qeyd edir. Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlərə imza atıb. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə, çox zaman Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir. Bu gün Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. Biz təbii sərvətlərimizə, imkanlarımıza və ən əsası isə xalqımıza arxalanaraq bu nailiyyətləri əldə edirik və irəli gedirik”. Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrin 19-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Azərbaycan şəhərciyi”nin rəsmi açılış mərasimindəki çıxışında səsləndirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qeyd edib ki, əsrlər boyu Azərbaycanda müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin nümayəndələri sülh şəraitində bir ailə kimi yaşayıb. Bu gün də bu ənənələr qorunub saxlanır. Bu gün Azərbaycan dözümlülük və tolerantlıq məkanı kimi dünyada tanınıb. Biz tariximizə, dinimizə, mədəniyyətimizə böyük hörmət bəsləyərək dünya mədəniyyəti müxtəlifliyinə və dünyanın digər dinlərinə və mədəniyyətlərinə böyük hörmətlə yanaşırıq. Məhz qarşılıqlı hörmət, dözümlülük, tolerantlıq prinsiplərinə əsaslanaraq bəşəriyyət bu gün üzləşdiyi ksenofobiya, ayrı-seçkilik, radikalizm və terrorizm kimi dəhşətli bəlalara qarşı mübarizə apara bilər.