Xəbərlər
YAP və Bilik Fondunun birgə layihəsi əsasında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qısa şərhi” adlı toplu nəşr edilmişdir
Yeni Azərbaycan Partiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə layihəsi əsasında bugünlərdə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin qısa şərhi” adlı toplu nəşr edilmişdir. Nəşrin elmi redaktoru hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, rəyçilər isə YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri, hüquq üzrə fəlsəfə doktoru Siyavuş Novruzov və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədovdur.
Nəşr ilk olaraq Yeni Azərbaycan Partiyasının «Ön söz»ü ilə başlayır. «Ön söz»də bildirilir ki, cəmiyyətdə siyasi sabitliyin və ictimai sülhün, ümumi razılığın və milli barışığın təminatçısı kimi çıxış edən Konstitusiya eyni zamanda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının gələcək inkişaf prioritetlərinin, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı sivil çərçivələrini müəyyənləşdirir. Konstitusiya hüquqi tənzimləmənin əsası kimi çıxış etməklə yanaşı, həm də sosial, siyasi, iqtisadi funksiyaları yerinə yetirən ən mühüm dövlət sənədidir. «Ön söz»də ölkə Konstitusiyasına edilən son dəyişikliklərdən 7 il ötdüyü xatırlanır və qeyd edilir ki, bu dövr Azərbaycanın həyatında bənzəri olmayan fundamental dəyişikliklərlə, inkişaf və yüksəlişlərlə, müasirləşmə və modernləşmə ilə müşayiət olunur: «Ölkəmizin dünya iqtisadiyyatında yeri və rolunun əhəmiyyətli dərəcədə yüksəldiyi, dünyada baş verən müharibələr, çəkişmələr, terrorizm, fundamentalizm kimi arzuolunmaz halların fövqündə dayanıqlı sabitliyin hökm sürdüyü artıq heç kimdə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarda da şübhə doğurmur. Belə bir şəraitdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan köklü iqtisadi islahatlar konsepsiyası siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini qaçılmaz etmişdir. Ölkə başçısının Konstitusiyaya bəzi əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar referendum keçirilməsi təşəbbüsü məhz bu amillərdən qaynaqlanır»- deyə, «Ön söz»də vurğulanır.
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası üçün YAP və Bilik Fondu birgə hüquqi maarifləndirmə layihəsinin həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə respublikamızın tanınmış hüquqşünaslarından ibarət işçi qrupu yaradılıb, mütəmadi olaraq Konstitusiya Aktı layihəsinin hər bir maddəsini şərh edən məqalələr hazırlanmış, bir çoxu respublika mətbuatında dərc olunmuş materallar toplu şəklində kütləvi tirajla nəşr edilmişdir.
Belə ki, nəşrdə Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyevin «Hüquq və azadlıqların təminatı yeni müstəvidə», Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyevin «Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinə təklif edilən dəyişikliklərin hüquqi mahiyyəti haqqında», hüquq üzrə elmlər doktoru Nazim Əliyevin «Referendum Aktı layihəsinin bəzi maddələri haqqında», hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayevin «Beynəlxalq standartlara tam cavab verən sənəd», hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyevin «İnsan haqlarının təmin edilməsinə xidmət edəcək Konstiutsiya islahatı» adlı məqalələrində, eləcə digər mütəxəssislərin məqalələrində Referendum Aktı layihəsi geniş şərh olunur.
Topluda səsvermə hüququna malik oxuculara referenduma çıxarılan hər bir maddə barədə dolğun məlumat verilir, onun mahiyyəti elmi əsaslarla və anlaşıqlı üslubda izah edilir.
Nəşr referendumda iştirak etmək hüququ olan vətəndaşlar, hüquqşünaslar, politoloqlar və bütövlükdə geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.