Xəbərlər
Gəncə seçiciləri: Biz davamlı tərəqqiyə səs verəcəyik
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Gəncə şəhər şöbəsi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü şəhərin "Novruz" meydanında keçirib.
Tədbiri "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq Gəncədə referendumla bağlı təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə,insanların fəallığı, məmnunluğu və müsbət rəyi ilə davam etdiyini deyib.
"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Pərvin Kərimzadə isə deyib ki, Konstitusiyaya təklif edilən dəyişiklərin əksəriyyətinin insan haqlarının qorunmasına həsr edilməsi sevindirici haldır. Bu, Azərbaycanda insan haqları mövzusunun ən önəmli olduğunun göstəricisidir: "Konstitusiyaya əlavə dəyişikliklər həyatımızda bir çox yeniliklərlə əlamətdar olacaq".
YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi, professor Fuad Əliyev isə bildirib ki, ölkəmizdə dəfələrlə prezident, parlament, bələdiyyə seçkiləri keçirilib, bu sahədə zəngin təcrübə qazanılıb, Azərbaycan seçicisi öz sözünü qətiyyətlə deməyi bacarır və gələcək hədəfləri indidən müəyyənləşdirmək iqtidarındadır: "Əminəm ki, 26 sentyabrda hər bir Azərbaycan vətəndaşı seçki məntəqəsinə gələrək daha xoşbəxt gələcəyə və uğurların davamına səs verəcək".
YAP Gəncə şəhər təşkilatının sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, professor İbrahim Cəfərov, təbliğatçılardan dosentlər Ceyhun Hüseynov və Cavid Bağırzadə çıxış edərək, bildiriblər ki, dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin təminatına yönələn Konstitusiya dəyişiklikləri dünyanın ən müasir, modern tələblərini özündə ehtiva edir, Azərbaycanın sürətli inkişafına, xalqın daha firavan həyatına hədəflənib.
Yeni Gəncə yaşayış massivinin sakini, xalq artisti Şahnaz Haşımova çıxışında bütün sakinlər adından gəncəlilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Görüşdə çıxış edən seçicilər əminliklə vurğulayıblar ki, sentyabrın 26-da seçki məntəqələrinə gedərək təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.