YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunun qadın seçiciləri Konstitusiya islahatlarına “HƏ” deyirlər

Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsinin qadın seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən “Yeni Azərbaycan” Referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Referendum Aktı layihəsinin əhəmiyyətindən geniş bəhs edib.

Sədaqət Vəliyeva bununla yanaşı, Azərbaycan dövlətinin qadın siyasətindən, həmçinin, qadınların ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan da danışıb.

Qeyd edilib ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolu durmadan artır. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasınlar. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ailələrində ömürlərinin şərəfli günlərini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllində də iştirakçı olurlar: “YAP qadınları da ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edirlər. Onlar Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər. Onların həm partiya işində əldə etdikləri təcrübə, həm də qazandıqları nailiyyətlər örnəkdir. Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirmələri üçün yaratdığı şəraitdir. Ulu Öndərin bu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Diqqətə çatdırılıb ki, hazırda 700 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır.

Çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva söyləyib ki, Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə sistemli tədbirlərinin genişlənməsində, onların Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var.

Görüşdə çıxış edən digər qadınlar da deyiblər ki, qadınlar cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməklə öz bilik və bacarıqlarını ölkəmizin daha da çiçəklənməsinə sərf edirlər.

Əminliklə əlavə ediblər ki, onlar bütün seçkilərdə olduğu kimi 26 sentyabr tarixində keçiriləcək Referendumda da fəal iştirak edəcək, seçki məntəqələrinə gedərək Konstitusiya dəyişikliklərinə “HƏ” deyəcəklər.