Xəbərlər
Hadi Rəcəbli: Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və digər sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir
«Ölkəmizdə sonuncu Konstitusiya islahatları 2009-cu ildə baş tutmuşdu. Ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin komitə sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Referendum Aktının layihəsində Konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin əlavə edilməsi təklif edilir. Ümumi olaraq dəyişiklikləri üç istiqamətdə qruplaşdırmaq olar: İnsan və vətəndaş hüquqları və azadlıqlarının genişlənməsi; Qanunvericlik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi; Prezidentlik institutunun gücləndirilməsidir.
«Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və s. sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir. Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Biz bu islahata getməliyik. İndiyədək bu mövzuda aparılmış müzakirələrin nəticələri də cəmiyyətimizin Konstitusiya islahatına hazır olduğunu, dəyişikliklərin cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini göstərir. Biz seçilərlə görüşlərdə də belə bir yanaşmanı görürük»- deyə, səlahiyyətli nümayəndə vurğulayıb.