Xəbərlər
«Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun üzvləri ilə görüşdə Yasamal rayon seçiciləri Konstitusiyada nəzərdə tutulan dəyişiklikləri dəstəklədiklərini bildirdilər
Siyasi kampaniyaları Seçki Məcəlləsində nəzərdə tutulan mərhələlər üzrə, demokratik şəraitdə həyata keçirən YAP ümumxalq səsverməsinə də ilk günlərdən fəallıqla başlamışdır. Təbliğat kampaniyasına «Həmrəy olaq, «HƏ» deyək» devizi ilə başlayan «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Yasamal rayon şöbəsinin üzvləri və fəalları təbliğat kampaniyasının ilk günlərindən seçicilərlə görüşlər keçirdilər.
Ümumxalq səsverməsi ilə bağlı təbliğat kampaniyası çərçivəsində keçirilən ilk görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ali Qanunumuza olunan dəyişikliklərlə bağlı məlumat verdi. Bildirdi ki, nəzərdə tutulan 29 maddənin 23-də dəyişişlik olunmuş, 6 maddə isə Konstitutusiyaya əlavə edilmişdir.
YAP Siyasi Şurasının üzvü, «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Konstitusiyaya olunan dəyişikliklərin əhəmiyyəti və mahiyyəti barədə danışaraq bildirdi ki, sosial ədalət prinsiplərinə əsaslanan hər bir dəyişiklik özlüyündə dövlətçiliyin möhkəmlənməsinin təminatı üçün vacibdir. Yaş senzi ilə bağlı açıqlmasında bu düzəlişi dövlətin gənclər siyasətinin uğurlu, məntiqi nəticəsi kimi dəyərləndirən akademik 18 yaşdan seçib, seçilmək hüququnu Azərbaycanın gələcəyinə etibarlı təminatı naminə atılan düzgün addım adlandırdı.
YAP Yasamal rayon təşkilatı sədrinin müavini, akademik Qərib Məmmədov və müavin, professor Rasim Nəbiyev çıxış edərək bildirdilər ki, iqtisadiyyatın idarə olunması sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının , mülkiyyət hüquqlarının qorunmasına, torpaqlardan səmərəli istifadəyə, aqrar sahənin inkişafına, milli təhlükəsizliyin etibarlı təminatına yönələn düzəlişlərin hər biri zamanın, dövrün tələbindən irəli gəlir.