Xəbərlər
Salyanda yeni körpü istifadəyə verilib
Sentyabrın 3-də Salyanın Babazanan yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, 6 min nəfərdən artıq əhalinin yaşadığı Babazanan yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldacaq Kür çayı üzərində körpünün tikintisinə Salyan rayonunda yol infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 6 sentyabr tarixli Sərəncamına uyğun olaraq dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılmış və tikinti işlərinə 2013-cü ilin oktyabr ayında başlanılmışdı. Altı aşırımdan ibarət və uzunluğu 201 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər iki tərəfdə 1,5 metrdir. Müasir tikinti materiallarından istifadə olunmaqla inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.
Layihəyə uyğun olaraq Salyan rayonu tərəfdən 123 metr, Babazanan yaşayış sahəsi tərəfdən isə 221 metr olan yanaşma yolları tikilib.
Azərbaycan Prezidenti körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.