Xəbərlər
Musa Qasımlı: Dövlət başçısı Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi
«Prezident İlham Əliyevin diplomatlarla keçirdiyi müşavirədə söylədiyi nitqi geniş, əhatəli və dərin məzmunlu idi. Bu nitqdə ötən iki ildə Azərbaycan diplomatiyasının keçdiyi yola yekun vuruldu, mövcud vəziyyət təhlil edildi və perspektivlər müəyyənləşdirildi». Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, Prezident İlham Əliyev proqram xarakterli çıxışı Azərbaycan diplomatiyası, eləcə də, alimlər, QHT-lər, həm də KİV-lər qarşısında çox ciddi vəzifələr qoyur. Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanın növbəti mərhələ üçün hədəflərini müəyyənləşdirdi.
«Bu hədəflər ölkəmizin müasir bir ölkəyə çevrilməsi, ərazi bütövlüyünün təmin edilməsi, xalqımızın daha yaxşı yaşaması üçün əlverişli beynəlxalq şəraitin təmin edilməsi idi. Fikrimcə, Prezident İlham Əliyevin bu nitqi diplomatiya, beynəlxalq münasibətlər və humanitar ixtisaslar üzrə təhsil alan tələbələr arasında geniş təbliğ olunmalı və fəallıq artırılmalıdır»- deyə, M.Qasımlı qeyd edib.