Xəbərlər
Çingiz Qənizadə: Azərbaycanın hücum diplomatiyası ciddi nəticələr verir
«Bir neçə gün ərzində Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında, ATƏT PA-dakı və bu kimi digər çıxışları Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin açılışına xidmət edəcək. Bu mərhələ isə hücum diplomatiyasıdır». Bu fikirləri Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, Azərbaycan digər dövlətlərlə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, fəal əməkdaşlığa baxmayaraq bir sıra dövlətlər və təşkilatlar Dağlıq Qarabağ probleminə yanaşmada beynəlxalq hüquq normalarının tətbiqinə səthi yanaşırlar.
«Xüsusilə də, ATƏT Parlament Assambleyasının Bakı sessiyasında Krımla bağlı qərarın qəbulu və Dağlıq Qarabağ probleminə yanaşma bu təşkilatlarla əməkdaşlıqda yeni bir formaya keçidin vacibliyini ortaya qoydu. Fikrimcə, Prezident İlham Əliyevin bir qayda olaraq diplomatik xidmət orqanları rəhbərləri ilə görüşlər keçirməsi bizim xarici siyasətimizə yeni bir addımın atılması ilə bağlıdır. Prezident İlham Əliyevin diplomatlara verdiyi tapşırıq onların fəaliyyətində daha uğurlu bir dönüşün yaratmasına gətirib çıxaracaq»- deyə, deputat qeyd edib.