YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq

Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir.

Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən deyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir”, - deyən Prezident bildirib ki, bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir.

Prezident İlham Əliyev NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamların öz əksini tapdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.