Gündəm
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər
Biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər.
Bu sözləri Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində deyib.
“Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb”, - deyən dövlətimizin başçısı Ermənistanın təklif olunan məsələ ilə bağlı müsbət cavab verməsi üçün həmsədr ölkələrin və ATƏT-in bu ölkəyə ciddi təzyiq göstərməsinin vacibliyini qeyd edib.
Azərbaycanın hərbi potensialının gücləndirilməsinin prioritet olaraq qalacağını vurğulayan Prezident İlham Əliyev aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlərin görüldüyünü, döyüş qabiliyyətinin böyük dərəcədə artdığını və daha da artacağını diqqətə çatdırıb. “Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, - bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, - həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq”, - deyə dövlətimizin başçısı xüsusi vurğulayıb.