Xəbərlər
Səməd Seyidov: Ölkəmizdə insan hüquqlarının təminatı dövlətin ali prinsiplərindən biridir
«Azərbaycanla Avropa Şurası arasında uzun illərdən bəri davam edən səmərəli və konstruktiv əməkdaşlıq məmnunluq doğurur». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Azərbaycan Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Onun sözlərinə görə, ölkəmizdə insan hüquqlarının təminatı dövlətin ali prinsiplərindən biridir.
«Milli Məclisdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May –Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi yekdilliklə qəbul olunub. Amnistiya aktı ümumilikdə 10 min məhkuma şamil ediləcək və onlardan 3 min 500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir. Ölkəmizdə görülən işlər, imzalanan fərmanlar, amnistiya təşəbbüsü, müsbət istiqamətdə atılan addımlar AŞPA-da ermənilər tərəfindən təşkil olunan və ölkəmizin imicinə ləkə yaxmaqdan ibarət antiazərbaycan kampaniyalarına ciddi cavabdır və bu kampaniyaya ağır zərbədir»- deyə, S.Seyidov vurğulayıb.