Xəbərlər
Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilir
Mayın 13-də Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda dinləmələr keçirilir.
Təbirdə Milli Məclisin rəhbərliyi, deputatlar, Müdafiə, Xarici İşlər nazirliklərinin, Hərbi Prokurorluğun nümayəndələri, QHT təmsilçiləri iştirak edirlər.
Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Ermənistan tərəfinin konstruktiv mövqe nümayiş etdirməyərək prosesi pozmağa, mövcud status-kvonu qoruyub saxlamağa çalışdığını deyib. Bildirib ki, Azərbaycanın bütün istiqamətlərdə apardığı fəaliyyəti artıq nəticə verməkdədir. Artıq beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti, beynəlxalq ekspertlər, analitiklər bu münaqişəni region üçün çox ciddi bir təhlükə hesab edirlər. Bu münaqişənin həllinin vaxtı gəlib çatıb. Ermənistanın təmas xəttində törətdiyi təxribatlar, Ermənistan rəhbərliyinin cinayət əməlləri hamıya məlumdur. Azərbaycan bütün bunların qarşılığında əhalinin təhlükəsizliyini təmin etdi. Ölkəmiz üçün vacib olan yüksəkliklər azad edildi. Vəziyyətin bu cür davam etməsi mümkün deyil. Ermənistan daxilində ictimai-siyasi mühitdə ziddiyyətli proseslər getməyə başlayıb. Bu müharibənin heç kəsə lazım olmadığı haqqında fikirlər get-gedə daha geniş yayılır. Bu da onu göstərir ki, Ermənistan vətəndaşları da bu münaqişənin həllinin uzanmasından yorulublar.
Bahar Muradova vurğulayıb ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr zamanı Azərbaycanın daha çox imkanlarının olduğu bir daha sübut edildi. Heç kəsdə şübhə qalmadı ki, regionun ən güclü ordusu Azərbaycanındır.