YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xələf Xələfov: Ermənistan törətdiyi cinayətlərə görə cavab verməlidir

Ermənistan Azərbaycan ərazisində etnik təmizləmə həyata keçirib, Xocalıda soyqırımı törədib. Bu ölkə ən azı Nürnberq prosesində olduğu kimi, törətdiyi cinayətlərə görə cavab verməli idi.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Xələf Xələfov Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələrdə bildirib. Nazir müavini aparılan işlərin Ermənistanın işğalına hüquqi-siyasi qiymət verilməsinə gətirib-çıxaracağını söyləyib. “Biz BMT-də keçirilən müzakirələrdə daim bu problemi qaldırırıq. Təəssüf ki, problemin mahiyyəti beynəlxalq təşkilatlarda adekvat şəkildə əksini tapmır. İnsan haqları üzrə ali komissar “Azərbaycanda qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpası ilə bağlı hansı işləri görmüsünüz” sualına cavabında mandatlarının buna imkan vermədiyini bildirir. Bu, gülməlidir. Ən azı ali komissar Ermənistanı işğalın nəticələrini aradan qaldırmağa çağırmalıdır”, - deyə X.Xələfov bildirib.

Nazir müavini Azərbaycanın girovlar məsələsini də beynəlxalq səviyyədə tez-tez qaldırdığını bildirərək deyib: “Biz vətəndaş cəmiyyəti səviyyəsində belə təşəbbüslərlə tez-tez çıxış etsək, bunun nəticəsi də tez olar”.

X.Xələfov vurğulayıb ki, hazırda Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib. Münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur. Məqsədləri də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var.

Nazir müavini qeyd edib ki, 1994-cü ildə tərəflər arasında atəşkəs haqqında razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan dövri olaraq təxribat mexanizmindən istifadə edib. Danışıqlar prosesində beynəlxalq ictimaiyyətin iştirakı artan zaman təmas xəttində, sərhəddə geniş təxribatlar baş verir. Ermənilərin məqsədi budur ki, təcavüzün nəticələri möhkəmlənsin, işğal faktının beynəlxalq müstəvidə tanınmasına nail ola bilsinlər, işğal məsələsi arxa plana keçsin. Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi və işğalın nəticələrinin aradan qaldırılmasına yönələn siyasət həm milli, həm də beynəlxalq səviyyədə bu planın həyata keçməsinə imkan verməyib.